Son yeniləmə: 14 Fevral 2023 09:25
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 mlrd dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 mlrd 661 mln dollar olmuşdu. Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 mlrd 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 mlrd 48 milyon dollarlıq idxalımız olub.
Bu sözlər iqtisadçı deputat Vüqar Bayramovun fevralın 14-də yaydığı paylaşımdandır.
Deputat daha sonra qeyd edir ki, “Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3.0 mlrd dollarlıq enerjidən kənar ixracatımızın təxminin üçdə biri Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır”.
V.Bayramov qardaş ölkədə baş vermiş zəlzələ – “əsrin fəlakəti”ni də nəzərə alaraq bildirir: “Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.