Son yeniləmə: 14 Fevral 2023 09:28
Məcid Cavadi: Xalqın içində öz dəstəyini itirən rejimin bundan sonra çox yaşaması mümkün deyil
BAYRAQDAR MEDİA – “İran İslam İnqilabının növbəti ildönümü bu il çox sönük, hətta nəzərdənkənar qeyd edildi. Halbuki 20-30 il öncə bu tarix xüsusi təntənə ilə, bayram əhval-ruhiyyəsində qeyd edilirdi. Amma get-gedə bu təntənə, bayram əhval-ruhiyyəsi azaldı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, bu tarixin sönük qeyd edilməsi heç də təsadüfi deyil: “Əvvəla, vətəndaşlarda bayram əhval-ruhiyyəsi yoxdur. Əksinə, bir hüzn, kədər var. Eyni zamanda, rejimin davranışı, maddi durumun pisliyi ucbatından bu bayrama nifrət, qəzəb yaranıb. Rejim orqanları bu tarixdə nəsə bayram etməyə cəhd göstərsələr də xalq buna nifrətlə yanaşır. Bu nifrət özünü sosial mediada paylaşımlarda da bütün çılpaqlığı ilə büruzə verir”.
Bildirilib ki, fars-molla rejimi xalq üçün artıq yox səviyyəsindədir: “Bu il inqilabın ildönümünün soyuq keçməsi də bundan irəli gəlir. Artıq xalq bu inqilabın ildönümünü də, inqilabdan sonra formalaşan rejimi də qəzəb və nifrətlə qarşılayır. Xalqın bir neçə aydır davam edən qiyamlarına rejimin cinayətkar yanaşması isə nifrəti daha da artırır. Bu gün fars-molla rejimi sadəcə silah və polisin gücünə ayaqda qalıb. Lakin bu cür də çox çəkə bilməz. Xalqın içində öz dəstəyini itirən rejimin bundan sonra çox yaşaması mümkün deyil”.