BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağındahasilat işlərinə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 14-də qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, fevralın 11-də, Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə olub: “Qeyd edək ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmişdi. 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb”.
Məlumata əsasən yatağın istismar müddəti 3 il nəzərdə tutulur: “Qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir. Artıq bir sıra minerallaşma zonaları aşkar edilib. Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır”. Ümumilikdə, mədənin istismara verilməsi bölgədə yeni iş yerlərinin yaradılması ilə məşğulluğun artırılması təkan verəcəkdir. Həmçinin, bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına, Daşkəsən və Göygöl rayonlarınınəhalisinin rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsirlərini göstərəcəkdir.
Məlumatda o da deyilir ki, bu, “AzerGold” QSC-ninistismara verdiyi sayca 4-cü qızıl yatağıdır.