Press "Enter" to skip to content

Nobel laureatı Şirin Ebadi və Ruben Vardanyan ortaqlığı

Azər Həsrət

Son yeniləmə: 14 Fevral 2023 21:21

BAYRAQDAR MEDİA – Biz deyəndə ki, bu farsın müxalifi belə türk düşmənliyi edir, qınanırıq. Adımızı faşist qoyan kim, üstümüzə gəlib bizi millətləri bir-birinə düşmən etməkdə qınayan kim. Amma izah edirik ki, heç bir millətlə, hətta ermənilərlə də dərdimiz yoxdur, sadəcə onlar bizə düşmən kəsilməsin, yetər.

İndi də bu həmədanlı Şirin Ebadi

Yəqin hər kəs onun bir zamanlar dünyaya səs salan Nobel Sülh Mükafatçısı olduğunu xatırlayır. Hətta Azərbaycanda toy-bayram edənlər də vardı ki, bəs, sən demə o da bizdənmiş – Azərbaycanlı (türk) imiş!

Amma o, türk deyil! Heç vaxt da belə bir iddia ilə çıxış etməyib. Sadəcə bizdə bəzi qüvvələr onun Azərbaycan ictimai rəyinə bir soydaşımız kimi sırınmasında maraqlı olublar…

Hə, onu da əlavə edək ki, bu şəxsə Nobel mükafatının verilməsi də dünyanı təəccübləndirmişdi. Çünki müqayisədə elə bir fərqli fəaliyyətə imza atmamışdı. Sadəcə bir çox qadınlar kimi fəal idi, insan hüquqları ilə məşğul olurdu. Elə ixtisası da hüquqşünasdır. Yəni bir hüquqşünasın insan hüquqları ilə məşğul olmasından təbii nə ola bilər ki?

O da bəllidir ki, 2003-cü ildə bu qadına Nobel mükafatını siyasi hesablarla vermişdilər. Mövzumuz bu olmadığı üçün girişi burada bitirib əsas məsələyə keçirik.

Şirin Ebadi, Nobel mükafatının arxasında gizlənərək dünyanı gəzir, universitetlərdə, çox yüksək tribunalarda mühazirələr oxuyub çıxışlar edir. Yəni qlobal səviyyədə insan haqları ilə məşğul olur. O qədər ki, gəlib axırda “bizim” bu Ruben Vardanyana urcah olub…

Bir neçə gün öncə Ruben “Qlobal humanitar liderlər Dağlıq Qarabağda humanitar fəlakəti dayandırmaq üçün təcili hərəkətə çağırır” adlı paylaşım etmişdi. Sosial mediada qarşıma çıxan paylaşımda belə bir “çağırışın” altına imza edənləri gözdən keçirəndə ilk olaraq diqqətimi Şirin Ebadinin adı çəkdi…

Sonra bir az da diqqətlə baxdım və Qarabağın harda olduğunu belə bilmədiyinə şübhə etmədiyim adlara rast gəldim.

Amma əsas olan bu deyildi. Ən əsası odur ki, onların arasında müsəlman adları göz deşirdi. Bu Şirinlə birlikdə.

Hər halından bir erməninin hazırladığı bilinən bu “çağırışa” imza atanlar arasında Somalidən olan insan haqları fəalları – ana və qız, eyni zamanda Əfqanıstandan olan bir qadın da var.

İndi sual olunur ki, bu şəxslər – Somalidən olan ana Fartuun Adan və qızı İlvad Elman, həmçinin, Əfqanıstandan olan Cəmilə Əfqani Qarabağ məsələsi ilə nə qədər tanışdır? Bioqrafiyaları araşdırılanda bəlli olur ki, heç tanış deyillər!

Bəs necə olub ki, bu Şirin Ebadi və digər müsəlman qadınlar belə bir “çağırışa” imza ataraq Azərbaycanı olmazın cinayətlərdə, özü də ermənilərdən də sərt ittiham ediblər?

Bunu da azacıq araşdırdıq və bəlli oldu ki, bunların hamısı bir neçə erməni və erməni dostu ilə birlikdə Ruben Vardanyanın da qurucularından olduğu “Avrora Humanitar Təşəbbüsü” adlı qurumun ətrafında toparlanıblarmış…

AHT-nin internet saytında verilən bilgiyə görə, bu qurum “erməni tarixinə bağlı missiya daşıyır” və “erməni soyqırımından qurtulanların adından qurulub”muş. Özü də qlobal bir hərəkatmış…

Bu AHT-nin qurucuları da kimmiş? Vartan Gregoryan (1934-cü ildə Təbrizdə anadan olub, bir müddət Livanda yaşayıb, 2021-ci ildə ABŞ-da dünyasını dəyişib), Nubar Afeyan (1962-ci ildə Livanda doğulub, hazırda ABŞ və Kanada vətəndaşıdır) və… “bizim” Ruben Vartanyan! Hər üçü də “filantrop” kimi təqdim edilir…

Bu üçlü 2015-ci ildə birləşərək sözügedən təşəbbüsü qurublar və ilk gündən onun ətrafında məhz türklərə mənfi münasibəti ilə fərqlənən erməniləri, eyni zamanda yuxarıda adını çəkdiyimiz dünyadan xəbərsiz müsəlmanları toplayıblar! Ki, günün birində onların da imzası ilə türklərə qarşı “sənəd” yayımlasınlar!

Yeri gəlmişkən, bu Rubenin AHT dəstəsindəki müsəlmanların siyahısı yuxarıdakılarla yekunlaşmır. Qurumun “Avrora” Mükafatının seçim heyətində bir də dost Pakistandan Hina Cilani adlı bir qadın – insan haqları müdafiəçisi var.

Bütün bu şəxslərin məhz ermənilərin qurduğu, türklərə qarşı olacağı ilk açıqlamasından bəlli olan bir qurumda toplanması təsadüfdürmü? Təbii ki, deyil. Bu toplama məqsədlidir və AHT-ni quran üç erməni bunların bəzilərinin beyinsizliyindən, bəzilərinin də türk düşmənliyindən istifadə edərək öz ətrafına toplayıb…

Toplayıb ki, lazım olduqca istifadə edib türkün üzərinə gəlsinlər…

İndi də “çağırışın” adında “Dağlıq Qarabağ” kimi yazıb, içində davamlı şəkildə “Artsax” kimi təqdim etdikləri qondarma quruma bunlardan dəstək alırlar…

Bunlar bir yana. Şirin Ebadi bir Nobel mükafatçısıdır. Yəni dünyada sayılıb-seçilən, ən hörmətli ada layiq görülüb. Belə bir şəxsin Ruben Vardanyanın quyruğunda getməsi nə qədər düzgündür?

Bunu Rubenin erməni olmasına görə demirik. Belə sual verməyimizin səbəbi odur ki, özəlliklə də Qərbdə çox hörmətli mükafat kimi qəbul edilən Nobeli alan şəxs necə olur ki, Qərbin sanksiyalara məruz qoyduğu, hər halından kriminal element olduğu açıq bilinən Rusiya vətəndaşının baş köşəsində yer tutur? Nədir bu Şirin Ebadini Rubenə bağlayan? Axı normalda insan haqları müdafiəçisi Ruben kimi kriminal ad çıxarmış, sanksiyalarda adı olan, həm də dünyanın bu qarışıq vaxtında Rusiyanın kuklası kimi hərəkət edən birisi ilə eyni sırada olmamalıdır? Bəs bu Şirin necə olub ki, Rubenə könül verib?..

Yəqin ki, bu mövzu burda bitməyəcək. Ümid etmək istərdik ki, özəlliklə də insan haqları fəallarımız – xanımlarımız bu Şirinin cavabını gərəkli müstəvilərdə verəcəklər. Hərəkət etmək lazımdır…

Bir də Güney Azərbaycanlı soydaşlarımızın məsələyə münasibəti maraqlı olacaq…

Lap sonda onu da əlavə edək ki, bu “dünyaca məşhur, Nobel laureatı və insan haqları fəalı” olan Şirin Ebadi İrandakı rejimin “zorla dəyişdirilməsinin” əleyhinədir. Halbuki Nobel mükafatını məhz bu rejimə qarşı “dirənib əziyyət çəkdiyi üçün” almışdı…

Mission News Theme by Compete Themes.