Press "Enter" to skip to content

“Hay soyu ərmən cildində” kitabının təqdimatı keçirilib

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Almaniyada yaşayan azərbaycanlı alim, yazıçı Rasim Sadiqin “Hay soyu ərmən cildində” adlı kitabının təqdimatı keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya fevralın 14-də MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən daxil olub.

Tədbirdəki açılış çıxışında MEK-in baş direktoru Prof. Məmməd Əliyev cəmiyyət üçün dəyərli olan alimlərin əsərlərinin ictimaiyyətə tanıdılmasında rəhbərlik etdiyi müəssisənin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Xəbərdə daha sonra qeyd olunub ki, “müəllif, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Sadiq kitabın ərsəyə gəlməsindən, apardığı araşdırmalardan danışıb, erməni-hay tarixinin özəllikləri, etnosu, hay köçünün istiqamətləri, səbəbləri, dəstəkçiləri və nəticələri haqqında geniş məlumat verib. Bildirilib ki, təqdim edilən monoqrafiya “Yalanlar tarixinin gerçək üzü” adlı araşdırmalar silsiləsindən olan birinci kitabdır. Bu adda araşdırmalar silsiləsindən ərsəyə gəlmiş kitabların yazılmasına İkinci Qarabağ Müharibəsi zamanı aparılan informasiya mübarizəsində əldə edilən dəyərli məlumatlar təkan verdi”.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli, Tarix İnstitutu Qərbi Azərbaycan şöbəsinin rəhbəri, Prof. Cəbi Bəhramov, Şərqşünaslıq İnsititutunun əməkdaşı, Prof. Solmaz Rüstəmova-Tohidi, Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin sədri, Prof. Çingiz Abdullayev və digər şəxslər çıxış edib. Onlar daha çox Qərb müəlliflərinin tədqiqatlarına istinad edən araşdırmaların nəticəsi kimi ərsəyə gələn əsərin dünyada geniş yayılmış erməni yalanlarının elmi tənqidi ilə yanaşı bir sıra məlum və naməlum həqiqətlərin də üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, monoqrafiyada hayların gerçək tarixi nəinki Güney Qafqaz, Anadolu coğrafi məkanında, həmçinin, dünya kontekstində öyrənilir.

Sonda kitab haqqında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.