BAYRAQDAR MEDİA – Heydər Əliyev adına Hərbi İnstituta 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Müdafiə Nazirliyindən fevralın 14-də BAYRAQDAR MEDİA-ya verilən xəbərdə qeyd olunur ki, dərslər 4 il müddətində olmaqla Azərbaycan dilində əyani formada keçirilir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
İnstituta qəbul olunan kursantlar təhsil müddətində bütün zəruri vasitələrlə təmin olunur və ayda 153 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
Məlumatda bildirilir ki, təhsil müəssisəsinə qəbul olunmaq istəyənlər 1-30 aprel 2023-cü il tarixləri arasında ərizə ilə İnstitutun rektoruna müraciət etməlidirlər.