BAYRAQDAR MEDİA – İranın Türkiyədəki keçmiş səfiri deyib ki, ölkəsi Ermənistanı qazla təmin etməkdə çətinlik çəkir.
Xəbəri fevralın 14-də Azad İran Telegram kanalı yayıb.
Kanal bildirir ki, İranın Ankaradakı keçmiş səfiri və ticarət nazirinin keçmiş müavini Firuz Dövlətabadi deyib: “Biz Ermənistana gündə 1 mln kubmetr qaz ixrac edirik, halbuki bu ölkənin tələbatı təxminən 2 mln kubmetrdir”.
F.Dövlətabadi daha sonra əlavə edib: “Ermənistan Qafqaz bölgəsində İran üçün ən önəmli ölkələrdən biridir. Lakin bizim bu ölkəyə bir mln kubmetr əlavə qaz verməkdə çətinliyimiz var. İranın Quzeyindəki neftayırma zavodlarını yanacaqla təmin etmək üçün Azərbaycan Respublikasından gündə ən azı 300-350 min barel xam neft almalıyıq. Türkiyəyə qaz ixracı ilə bağlı müqaviləmiz olsa da, kifayət qədər qaz olmaması səbəbindən ixracı azaltdıq və ya dayandırdıq. Siyasi və geosiyasi baxımdan bu məsələ bizim üçün son dərəcə zərərlidir”.
Burda diqqətimizi bir məqam çəkir: demək ki, Ermənistan ən azı 50 faiz qaz çatışmazlığından əziyyət çəkir. Nəzərə alsaq ki, hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalan Qarabağ qazı Ermənistandan alır, bir məsələ də aydınlaşar.
Hər kəs bilir ki, Qarabağ erməniləri tez-tez qaz çatışmazlığından şikayət edir. Onlar iddia edirlər ki, guya Azərbaycan Ermənistandan gələn qaz borusunu bağlayaraq qəsdlə onları çətinliyə salır. Azərbaycan isə dəfələrlə belə bir addım atmadığını bəyan edib.
Qazın Ermənistan tərəfindən kəsildiyini bildirən Azərbaycan haqsız da deyil. İndi bəlli olur ki, Ermənistan istəməsə belə Qarabağa verilən qazı kəsməyə məcburdur. Çünki iranlı diplomatın dediyindən də bəlli olur ki, Ermənistanın üstəlik Qarabağı da təmin etmək üçün yetərincə qaz ehtiyatı yoxdur…