Son yeniləmə: 14 Fevral 2023 11:29
Hulusi Kılıç: Əgər bu jurnal bu cür insanlıqdan kənar fəaliyyəti ilə 1969-cu ildən bəri çap olunursa, deməli, “Charlie Hebdo”nu Fransada dəsətəkləyən dərin dövlət gücləri var
BAYRAQDAR MEDİA – “Charlie Hebdo” jurnalının tərbiyəsiz, alçaq başlığını qəbul etmək mümkün deyil. Türkiyədə əsrin fəlakəti yaşanarkən, bu jurnalın belə bir başlıq verməsi utancvercidir. Bunlara insan demək mümkün deyildir”.
Bunu Fransanın “Charlie Hebdo” jurnalının qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturasına münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
CASCFEN “Charlie Hebdo” jurnalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, jurnal bu addımı ilə insanlığa qarşı da bir cinayət törətmiş olub: “Bu, insanlıqdan və peşə dəyərlərindən uzaq bir addımdır. Bunun mütləq cəzalandırılması lazımdır. Əgər cəzalandırılmazsa, bu cür cinayətlər davamlı olacaq. Çünki bunun “söz azadlığı”, “mətbuat azadlığı” kimi qələmə verilməsi qətiyyən qəbuledilməzdir. Bu, mətbuat azadlığı deyil, tamamilə bir cinayətdir, yaxud cinayətə çağırışdır”.
Keçmiş səfir bildirib ki, həmin karikaturanın müəllifi, onun yayılmasına icazə verən, ümumiyyətlə bu cinayətdə əli olan kimlər varsa, beynəlxalq qınağa tuş gəlməlidir: “Əgər bu jurnal bu cür insanlıqdan kənar fəaliyyəti ilə 1969-cu ildən bəri çap olunursa, deməli, “Charlie Hebdo”nu Fransada dəstəkləyən dərin dövlət gücləri var. Əks təqdirdə, dəfələrlə bu cür cinayətlərə qol qoyan jurnal Fransa ədaləti tərəfindən öz cəzasını almalı idi. Yəni “Charlie Hebdo”nun bu addımına görə Fransa hökumətinin də günahkar olduğunu qəbul etmək lazımdır. Fransa hökumətinin bunda payı yoxdursa, o zaman jurnala lazım olan cəzanı verməli, onun dərcini qadağan etməlidirlər”.
H.Kılıç sonda, “ümumiyyətlə bu jurnalda bir nasist ruhu, türk-İslam düşmənliyi ruhu var. Mən Fransa hökumətinə müraciət edirəm. Dərhal bu jurnal qapadılmalıdır. Əgər qapadılmırsa, o zaman Fransa hökumətinin də bu cinayətə ortaq olduğuna şübhə yeri qalmır” deyib.