BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5 min 366 işsiz şəxsə aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 14-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış əlilliyi olanlar, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə çıxışına şərait yaradılmasıdır: “Bu ilin ötən dövründə proqrama daha 318 nəfər cəlb olunub. Layihəyə cəlb olunanlar əvvəlcə təlimlərdə iştirak edir və təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edənlər avadanlıqlarla təmin olunurlar”.
Məlumata əsasən, layihə üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.