Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan gənclərinin Forumu keçirilib

Tədbirdən görüntü

Son yeniləmə: 14 Fevral 2023 12:40

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə olaraq “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu” keçirilib.

Sözügedən Mərkəzdən BAYRAQDAR MEDİA-ya fevralın 14-də verilən xəbərə görə, Forum hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra iştirakçılar qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Forumda Mərkəzin direktoru Samir Abbasov tarixdə ilk dəfə keçirilən belə bir tədbirin Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, ədəbi, təhsil əlaqələrinin möhkəmlənməsi, gənclər arasında yeni əlaqələrin qurulması, ənənəvi və innovativ təcrübələrin mübadiləsi baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, bu tarixi hadisə münasibətilə forum iştirakçılarını təbrik edib.

S.Abbasov Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin bu gün də dövlətin əsas prioriteti olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib.

“İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı Azərbaycan üçün Özbəkistanın təkcə regionda deyil, bütün dünyada vacib bir partnyor, müttəfiq qardaş ölkə olduğunu qeyd edib. O, eləcə də rəhbərlik etdiyi qurumun gənclərin cəmiyyətin ictimai həyatında aktiv iştirakını təmin edən fəaliyyəti və bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışıb.

Daha sonra Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamentinin sədri Şahnoza Yoldaşova çıxış edərək Azərbaycan tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə tarixində ilk dəfə olaraq keçirilən belə bir forumun gələcəkdə hər iki ölkənin gənclərinin birgə fəaliyyəti üçün böyük imkanlar yaradacağını qeyd edib.

Çıxış edənlər – GF-nun nümayəndəsi İbrahim Mehdiyev, Özbəkistan Senatı yanında Gənclər Məclisinin sədri Behzod Toxtamurodov, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan təhsil şirkəti “Study First Academy Uzbekistan”ın rəhbəri Mikayıl Mirzəzadə, Azərbaycan Mətbuat Şurası İH üzvü Hacıbəy Heydərli keçirilən forumun bütövlükdə hər iki ölkə gənclərinin inkişafı üçün çox əhəmiyyətli olacağını vurğulayıb.

Forum iştirakçılarına Azərbaycan-Özbəkistan gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan tərəfinin fəxri diplomları və hədiyyələri təqdim olunub.

Sonda iştirakçılar Mərkəzin foyesində təşkil edilmiş “Gələcəyimiz və zəfərə aparan gəncliyimiz” adlı foto və kitab sərgisi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.