Son yeniləmə: 14 Fevral 2023 17:30
BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 14-də DTA-dən məlumat verilib.
Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.
Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.
Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.