BAYRAQDAR MEDİA – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayı çapdan çıxıb.
Bu barədə xəbər fevralın 14-də BAYRAQDAR MEDİA-ya AMEA-dan daxil olub.
Xəbərdə qeyd olunur ki, Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin baş redaktorluğu ilə nəşr olunan, “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Mətnşünaslıq”, “Tarixşünaslıq”, “Folklorşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikalarının yer aldığı “Əlyazmalar yanmır” elmi məqalələr toplusunda bölmələr üzrə “Nizami Gəncəvi poeziyasında təbiət təsvirlərinin ictimai-poetik tutumu”, “Dilçilikdə diskurs və diskursiv təhlil anlayışı”, ““Müxtəsər əl-Qüduri”nin dünya kitabxanalarındakı əlyazma nüsxələri”, “Research of Farhad Mirza Qajar’s “Safarname” work”, “Folklore text as an object of linguistic research”, “Xurşidbanu Natəvanın şeirləri cünglərdə” və s. mövzularda məqalələr dərc olunub.
Həmçinin, filologiya üzrə elmlər doktoru, Dos. Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan “Elmi əsərlər” jurnalının yeni sayında ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, tarix, kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq sahəsində “Nizami Gəncəvi sənətində doğma mühit və təbiət”, “Dağlar oğlu Dədə Şəmşir”, “Qarabağ mövzusu Qacarlar tarixində”, “Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təhlili”, “Müasir cəmiyyətdə kitabxana-informasiya fəaliyyətinin menecmenti” və s. mövzusunda məqalələrin xülasələri müvafiq olaraq həm rus, həm də ingilis dilinə tərcümə edilmiş variantları ilə yer alıb.
Hər iki jurnal 2015-ci ildən nəşr olunur və Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.