Press "Enter" to skip to content

Ustad jurnalistin 70 illik yubileyi qeyd edilib

Əflatun Amaşov, İttifaq Mirzəbəyli, Rəşad Məcid

BAYRAQDAR MEDİA – “Xalq Mətbuat Mərkəzi”ndə tanınmış qələm sahibi, Əməkdar jurnalist İttifaq Mirzəbəylinin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Xəbər fevralın 13-də BAYRAQDAR MEDİA-ya Azərbaycan Mətbuat Şurasından daxil olub.

MŞ sədri Rəşad Məcid tədbirdəki çıxışında “Xalq qəzeti”nin Azərbaycan mətbuatındakı flaqman rolundan danışıb, burada işlədiyi dövrü yada salıb. O, 10 il öncə İ.Mirzəbəyli ilə birlikdə xarici səfərdə olduğunu deyib. R.Məcid yubilyarı “klassik” və “Qobustan qayası” adlandıraraq gözəl məsləkdaş kimi xarakterizə edib, ona MŞ-nın diplomunu təqdim edib.

Daha sonra çıxışçı “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov tədbirdə yubilyara ən xoş arzularını çatdıraraq onun peşəkar, vətənpərvər, dövlətsevər bir publisist kimi örnək keyfiyyətlərindən söz açıb. Ə.Amaşov İ.Mirzəbəylinin “Xalq qəzeti”ndən öncə Azərbaycan radiosunda çalışarkən aparıcısı olduğu səhər verilişlərindəki vətəndaş mövqeyinin dinləyicilər arasında yüksək dəyər qazandığını və çox populyar olduğunu qeyd edib.

İş yoldaşları Qüdrət Piriyev, Tahir Aydınoğlu, İlqar Həsənov, Rəfiqə Əsgərova, Məsaim Abdullayev, Qəzənfər QasımovƏliqismət Bədəlov yubilyarla bağlı ürək sözlərini söyləyib, ona yeni uğurlar diləyiblər.

Sonda çıxış edən İ.Mirzəbəyli qazandığı uğurlara görə ustadı olmuş qələm sahiblərinin ruhlarına borclu olduğunu deyib, eləcə də yaradıcı kollektivə minnətdarlığını bildirib və bundan sonra da milli mətbuatın inkişafı naminə əlindən gələni edəcəyinə söz verib.

Qeyd edək ki, 1953-cü il fevralın 10-da Qəbələdə dünyaya göz açmış İ.Mirzəbəyli 43 yaşından “Xalq qəzeti” redaksiyasında işləyir, siyasət şöbəsinə rəhbərlik edir.

Mission News Theme by Compete Themes.