BAYRAQDAR MEDİA – “Milli Azərbaycan Tarixi Muzeyinin Qələmkar kolleksiyası” adlı yeni kataloqu işıq üzü görüb.
Milli Azərbaycan Tarixi Muzeyindən BAYRAQDAR MEDİA-ya fevralın 13-də verilən xəbərə görə, kataloqda qələmkar parçalardan hazırlanmış yerli və xarici istehsal, əl əməyi, göz nuru, rəsm və nəqş ustalarının mahir əlləri ilə ərsəyə gəlmiş və vaxtilə Azərbaycan məişətində istifadə olunmuş əşyalar əks olunub. Muzeyin zəngin kolleksiyasında mühafizə olunan bu qələmkarlar öz rəng ahəngi, naxış elementləri və təsvirləri baxımından olduqca maraqlıdır. Fondda qorunan qələmkarlar süjetli və ornamental naxışlarla bəzədilib. Qələmkarların əsas bəzək elementləri isə butalardır.
Xəbərdə daha sonra bildirilir ki, “müasir dövrdə olduğu kimi, azərbaycanlıların keçmiş ev sahmanında da evi müxtəlif məişət əşyaları ilə bəzəmək dəb olub. Zaman-zaman üslub dəyişsə də, Şərq evlərinin ənənəvi olaraq məişət əşyaları ilə bəzədilməsi hələ də davam etməkdədir. Yaxın keçmişə nəzər salsaq, belə bəzəmə üsullarından birinin də divarlara ya xalça, ya da divar bəzəklərinin asılması olduğunu görə bilirik. Muzey kolleksiyasında həm texnikası, həm də süjeti baxımından çox əhəmiyyətli qələmkar divar bəzəkləri də mühafizə olunur. Divar bəzəklərinin bəziləri üzərində Səfəvi hökmdarlarının ziyafət məclisi, ov mərasimi kimi səhnələr təsvir edilib”.
Kataloqda yer alan XIX-XX əsrlərə məxsus bir çox qələmkar məmulatı həm Azərbaycan, həm də Şərq ölkələrinin sənətkarlıq tarixinin tədqiqi üçün mühüm mənbədir.
Qeyd edək ki, kataloqun elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, müəllifi isə muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovadır.