Son yeniləmə: 13 Fevral 2023 11:37
Əkbər Qoşalı: “Charlie Hebdo” 77 il sonra da Adıyamanda, Kahramanmaraşda lənətlə xatırlanacaq
BAYRAQDAR MEDIA – “Türkiyədə dəhşətli zəlzələdən 7 gün keçir. 7 ay keçəcək, yaralar xeyli sarılacaq. 7 il sonra artıq Kahramanmaraşda və digər 9 vilayətdə yeni dönəm tam sabitləşmiş olacaq. Nəhayət 77 il keçəcək və qoca tarix, yeni nəsillər bugünləri vərəqləyəcək. Manqal ürəklər, yanar ürəklər, xeyirxahlar ehtiramla yad ediləcək. Ancaq ədalətli insanlar namərdləri də haqq etdikləri şəkildə xatırlamış olacaq. Belə namərdlər sırasında ən öndə gələnlərdən biri fransız karikatura jurnalı “Charlie Hebdo” olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, qardaş Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı abırsız paylaşım etmiş bu jurnal 77 il sonra da Adıyamanda, Kahramanmaraşda lənətlə xatırlanacaq: “Nəymiş, əfəndim? – “Tank göndərməyə belə ehtiyac yoxmuş”… Aşağılıq fransız “sənətçi”si, o yaramaz jurnalın redaksiya heyəti abırına kor ola biləcəkmi? Geniş ictimai təzyiqlə paylaşımda “redaktə” etmiş olsalar da karikatura öz yarasını açmışdır artıq. Onu sağaltmaq üçün redaksiya tam tərkibdə zəlzələdidələrdən dərin üzr istəməliydi. Ancaq mən buna inanmıram. Çünki bu, abırlı adamlara, adam kimi adamların kollektivlərinə xas özəllikdir. Abırsızlarsa, öz abırsızlıqlarında boğulub cəhənnəmə vasil olacaq. Kainatın öz ruhu, nizamı, qanunauyğunluğu vardır. O nizamı bütün fransızlar, “frankofonoya” belə dəyişə bilməz!”.
Ə.Qoşalı, həmçinin, “jurnalın yayımladığı karikaturada zəlzələ bölgəsindəki dağılmış binalar əks olunmuş və paylaşımda “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur” yazılmışdı. O karikatura çiziləndə hələ dağıntılar altda nalələr yüksəlirdi!.. Bundan öncə Türkiyə və İslam dininə qarşı aşağılıq karikaturalar paylaşmış “Charlie Hebdo” özü və soyqırımlar törətmiş vandal ölkəsi türksüz dünya görə bilməyəcəkdir! Türksüz, Türkiyəsiz, İslamsız dünyanı, yaxud Türk-İslam aləminin sıradançıxmışlığını görməyin mümkünsüzlüyünü düşünə bilməyəcək qədər bəsirətsizdirlər. Zehniyyətsiz, ağılsız, ruhsuz yaratılıqlar! Öz hikkənizdə, öz vandallığınızda cəhənnəmə yolçuluğunuz açıqdır!” deyib.