BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ dünyanın bütün mütərəqqi qüvvələrini, o cümlədən dünya azərbaycanlılarını da səfərbər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya fevralın 13-də verilən xəbərə görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, İsveç, Macarıstan, Niderland, Polşa, Estoniya, Ukrayna, Gürcüstan, Yunanıstan, Rusiya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları Türkiyənin diplomatik missiyaları vasitəsilə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verməklə yanaşı, həm mənəvi, həm də maddi cəhətdən qardaş ölkənin yanında olduqlarını nümayiş etdirirlər.
Xəbərdə bildirilir ki, ““Səninləyik, Türkiyə!” çağırışı ilə yardım kampaniyasına qoşulan soydaşlar Türkiyə səfirliklərinin və yardım fondlarının hesablarına pul köçürür, ərzaq, geyim, yataq dəstləri, tibbi ləvazimat və gigiyena vasitələrindən ibarət humanitar yardımları diplomatik missiyaların və türk icmalarının vasitəsilə zəlzələ bölgəsinə göndərirlər”.
Dünya azərbaycanlıları əmindirlər ki, qüdrətli Türkiyə dövləti və xalqı bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq.