Son yeniləmə: 13 Fevral 2023 09:24
Dr. Yücel Karauz: Türkiyə asanlıqla işğal ediləcək, yaxud da üzərində hansısa qaranlıq planlar qurulacaq ölkə deyil
BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, Türkiyəni 1912-ci ilin Balkan Savaşı, 1914-cü il Birinci Dünya Müharibəsi və 1919-1923-cü illərdə İstiqlal Savaşında yıxmaq, işğal etmək istəyənlər yüz il öncə cavablarını aldılar. Çünki Türkiyə asanlıqla işğal ediləcək, yaxud da üzərində hansısa qaranlıq planlar qurulacaq ölkə deyil”.
Bunu BAYRAQDAR MEDİA-ya ABŞ-ın Türkiyəni işğal etmək planı barədə yayılan məlumatlara münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Xatırladaq ki, fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələdən sonra ABŞ-ın döyüş təyyarələri daşıyan hərbi gəmisinin Türkiyəyə doğru hərəkət etdiyinə dair məlumat yayılıb. Qeyd edilib ki, zəlzələdən zərər çəkənlərə yardım adı ilə döyüş gəmisinin göndərilməsi ABŞ-ın Türkiyəni işğal planından xəbər verə bilər.
Dr. Y.Karauzun sözlərinə görə, bu cür vəziyyətdə qaranlıq ssenariləri, planları işə salmaq istəyən qüvvələr, insanlar da olur: “Belə insanlar hər zaman olub və bu gün də var. Onlar xalqın birlik və bərabərliyini pozmaq üçün hər cür iyrənc addıma əl atırlar, müxtəlif şayiələr yayırlar. Konkret olaraq ABŞ-ın sözügedən hərbi təyyarələr olan gəmisinə gəlincə, o, zatən bu gün Akdenizdə xidmət edir. Yəni bu gəminin guya məhz zəlzələ ilə bağlı Akdenizə gəldiyinə dair xəbərlər əsassızdır. Elə xarici işlər naziri Mevlüt Çavuşoğlu da bunun mümkünsüz olduğunu bildirib”.
🔴Dışişleri Bakanı Çavuşoğlu (ABD savaş gemisi hakkında)
"Akdeniz'de savaş gemileri her zaman oluyor. Uluslararası sulara biz karar vermeyiz ama Türkiye'nin kara sularında kararı biz veririz.
ABD'den böyle bir talep gelse de buna da gerek yok. İzin vermeyiz, ihtiyaç da yok."
— M5 Dergi (@M5Dergi) February 12, 2023
ABŞ-ın dəstəyinə gəlincə, Dr. Y.Karauz bildirib ki, onsuz da zəlzələdən dərhal sonra Türkiyə hökuməti bütün beynəlxalq təşkilatlardan və xarici ölkələrdən dəstək istəyib: “Prezident Co Bayden başda olmaqla ABŞ rəsmiləri bu dəstək çağırışına səs verib. ABŞ Dövlət katibi Türkiyənin səfirliyinə gedərək, başsağlığı verib”.
Müsahibimiz onu da qeyd edib ki, təyyarə daşıyan gəmi heç də təkcə müharibə zamanı istifadə olunmur: “Belə gəmilərdə bütün imkanlara malik xəstəxanalar da olur. Eyni zamanda, belə gəmilər 1-1,5 il ərzində sahilə çıxmadan daxilindəki insanlar üçün hər cür həyat şəraiti təmin etmək imkanlarına malik olur. Amma bununla yanaşı, onu da xüsusi qeyd edim ki, hazırda bu gəminin yardıma gəlməsi müzakirə mövzusu deyil. Bu gəmi Türkiyəyə yaxınlaşmır. Bildiyim qədəri ilə Kirit adası sahilindədir. Həmçinin, əgər doğurdan da hansısa işğal məqsədi olsaydı belə, həmin gəminin Türkiyəyə yaxınlaşmasına ehtiyac yox idi. Çünki onun daşıdığı təyyarələr uzaq məsafəyə uça bilirlər. Ən nəhayət, təkcə təyyarə ilə də işğal olmur. Yəni bütün bunları ona görə ətraflı qeyd edirəm ki, bu gəmi ilə bağlı yayılanların şayiədən başqa bir şey olmadığını hər kəs bilsin. Hansısa qüvvələr sadəcə bu cür şayiələrlə xalq arasında qorxu yaratmaq istəyirlər. Bir sözlə, bunu sadəcə “beşinci kolon”un təxribatçı fəaliyyətləri kimi dəyərləndirmək lazımdır. Bu gün ehtiyacımız olan şey birlik və bərabərlikdir”.
Dr. Y.Karauz sonda, “Türkiyə dövləti və xalqımız zaman-zaman ən ağır sınaqlara tuş gəlib. Bütün bu sınaqlardan birlik və bərabərliklə üzüağ çıxmışıq. İnşallah, bu sınaqdan da xalqımızın birliyi və bərabərliyi, həmçinin, başda qardaş Azərbaycan olmaqla dostların da verdiyi dəstəklə üzüağ çıxacağıq” deyib.