BAYRAQDAR MEDİA – Fevralın 12-də qardaş Türkiyənin Kahramanmaraş bölgəsində Azərbaycan və Türkiyə xilasediciləri ortaq toplantı keçirib.
Xəbəri Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Bu çərçivədə, Kahramanmaraş bölgəsində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.
“Toplantıda hazırkı əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib”, – deyə xəbərdə bildirilir.