Son yeniləmə: 13 Fevral 2023 18:57
Yüz il öncə Qurtuluş Savaşı Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndisə, bu dəfə də yolumuz Böyük Turanadır
BAYRAQDAR MEDİA – Əgər o dəhşətli fəlakət olmasaydı, cəmi 5 gün sonra, yəni fevralın 11-də bu qəhrəman diyarın mərd, qorxmaz və iğid insanları Kahramanmaraşın düşmən işğalından azad olunmasının 103-cü ildönümünü qeyd edəcəkdilər. Elə bir neçə gün öncə, fevralın 7-də Maraşa “Kahraman” adının verilməsinin 50-ci ildönümü tamam oldu. Yəqin ki, Kahramanmaraş sakinləri hər iki bayramı birlikdə yüksək coşqu ilə qeyd edib şənlənəcəkdilər. Lakin bəzi sualları və müəmmaları da özü ilə gətirən dəhşətli zəlzələ hər şey kimi, bu arzunu da alt-üst etdi.
Nə qədər qəribə olsa da 103 il öncə məhz fevralda, özü də indiki kimi sərt soyuqda, Kahramanmaraşlılar şaxtalı və qarlı havada işğalçı Fransa ordusunu, həmçinin, bu ordunun erməni qulbeçələrini dabanlarına tüpürüb qaçmağa məcbur edib. Məlumat üçün bildirək ki, 1920-ci il yanvarın 21-də Fransa işğal qüvvələrinin komandanı general Kerretə qarşı Maraş Kuvay-i Milliye başçısı Arslan bəyin çağırışı ilə başlayan və 22 gün 22 gecə davam edən Qurtuluş Savaşı 1920-ci il fevralın 11-də Maraşın işğaldan azad olunması ilə başa çatıb. “Maraşda bizə məzar olmadan düşmənə gülzar ola bilməz!” deyən maraşlıların qəhrəmanlığı önündə tab gətirə bilməyən general Kerret, gecə saat 3:30 radələrində 2 min nəfərlik erməni qrupu ilə birlikdə şəhəri tərk edib, daha doğrusu, xəlvəti şəkildə qaçıb.
Həmin vaxt maraşlıların, aclıq və yoxsulluğa baxmayaraq -20 dərəcə şaxtada, təxminən 1 metr hündürlüyündə olan qarda dövrün ən yaxşı silah və sursatları ilə silahlanmış Fransa qüvvələrinə qarşı böyük qələbəsi məzlum xalqlar üçün nümunə oldu. Anadoluda başlanan İstiqlal Savaşının ilk zəfəri olan Maraşdakı qəhrəmanlıq dastanı digər şəhərlərə təkan verdi. Maraşlılar şəhəri düşmən işğalından xilas etdikdən sonra Antepin azad edilməsi üçün köməyə getdilər. Antep azad edildikdən sonra isə Osmaniyeyə kömək etdilər. Mustafa Kemal Paşanın Sakarya döyüşündə Maraşlı əsgərlər vətənləri üçün ürəkləri və canları ilə vuruşdular. Maraşın qəhrəmanlıq dastanı unudulmadı və daha sonra 7 fevral 1973-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Maraşa “Qəhrəman” adı verildi. Beləliklə, o tarixdən bu diyar Kahramanmaraş adlandırılmağa başlandı.
Lakin təəssüflər olsun ki, həmin vaxt dövrün müasir silah-sursatı ilə təchiz edilmiş işğalçı Fransa ordusuna sinə gərən, onlara şəhəri təslim etməyən maraşlıların nəvə, nəticə və kötücələri təbiətin (təkcə təbiətinmi?! – N.A.) bəlasına təslim olmaq zorunda qaldılar. Özü də təkcə Kahramanmaraşlılar deyil, ümumilikdə 10 bölgəni əhatə edən ərazi və 13 milyon insan!
Nəticələr ağırdır. Amma bu zəlzələdən sonra yaşananlar bizlərə həm ümid verir, həm də bir çağırış əhəmiyyəti daşıyır.
Bunlardan iki məqamın üzərində dayanmaq istəyirəm.
Birinci məqam, Hatayın İskenderun ilçəsinin Çay məhəlləsində zəlzələ nəticəsində dağılan yaşayış binasının dağıntıları altından çıxarılan Raziye Kılınç və həyat yoldaşı Hacı Murat Kılınçla bağlıdır. Zəlzələnin beşinci günü möcüzə nəticəsində xilas edilən ailənin başçısı Hacı Murat Kılınçın xilasdan iki gün sonra mətbuata açıqlaması maraqlı olduğu qədər də düşündürücüdür. Deməli, faciənin birinci, ikinci, üçüncü və dördüncü günü dağıntılar altında “imdad” deyə qışqıran ailəni kimsə eşitməyib. Hətta onların yaxınlığında xilasedicilər olsa da səslərini eşidə bilməyiblər. Beşinci gün isə möcüzə baç verib.
Bunu elə Hacı Murat Kılınçın dedikləri formada çatdıraq: “Ümidimizi hər şeydən üzmüşdük. Bir-birmizlə halallaşmaq istəyirdik. Lakin birdən ağlıma gəldi ki, insanları qışqırmaqla cəlb edə bilmiriksə, mahnı oxuyaraq cəlb edək. Beləliklə, İzmir Marşını oxumağa başladıq”.
Sonrası isə odur ki, mahnını eşidən xilasedicilər onları xilas edib.
Xatıqladaq ki, İzmir Marşı, yaxud da ilk adı ilə desək Kafkasya Marşı Türk ordusunun Qurtuluş Savaşında ilham aldığı bir marş kimi dəyərləndirilir. Nə qədər qəribə olsa da Qurtuluş Savaşında orduya ilham olan bu marş, bu dəfə də sadə Türkiyə vətəndaşlarının xilasına yol açıb.
İkinci məqam isə BAYRAQDAR MEDİA-nın da dəyərli dostu, Dos. Dr. Esma Özdaşlının Twitter hesabından paylaşdığı bir şəkillə bağlıdır. Həmin şəkildə zəlzələdən dağılmış binada dahi Mustafa Kemal Atatürkün rəsminin asıldığı divarın hasar görsə də dik dayandığı əks olunub. Sanki, “yıxılmadıq, ayaqdayıq” mesajı verir bu şəkil.
— Doç. Dr. Esma Özdaşlı (@EOzdasli) February 11, 2023
Kim bilir, bəlkə də bu İzmir Marşı, bu Atatürk portretinin olduğu divar qardaş Türkiyəyə, o cümlədən bütün türk dünyasına bir mesajdır. Tanrının, türk ulularının ruhunun mesajı. Elə bir mesaj ki, yüz il öncə olduğu kimi bu gün də qardaş Türkiyə möhkəm dayanmalı, İzmir Marşının döyüş ruhundan, Atatürkün yıxılmazlıq ruhundan və zəlzələdən dərhal sonra xalqının yanında olan Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyətindən güc alıb yenidən dimdik durmalıdır.
Bəlkə də bu zəlzələ yeni bir Qurtuluş Savaşının alovunu yandıracaq. Bəlkə də yüz il öncə Qurtuluş Savaşı Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndisə, bu dəfəki Savaş Böyük Turanın qurulması ilə nəticələnəcək.
Çünki böyük türk milləti közdən doğan od misalıdır. Çünki bu gün Türkiyə öz yaralarını sararkən başda Azərbaycan olmaqla bütün türk dünyası onun yanındadır.