Son yeniləmə: 13 Fevral 2023 11:35
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “iPhone” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.
AİBNDX-dən fevralın 13-də BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə görə, “Apple” loqosunun təsviri, habelə “Apple” və “iPhone” sözləri beynəlxalq əmtəə nişanı kimi “Apple Inc.” şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycanda qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycanda qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.
Xəbərdə həmçinin qeyd olunub ki, “Dövlət Xidməti sahibkarlara reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “iPhone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir”.
Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.