BAYRAQDAR MEDİA – İndi də nəyin demaqogiyası ətrafı sarıb? Sən demə qardaş Türkiyədə bir CHP-li bələdiyyə başqanı vicdanlı adam olduğu üçün onun ilçəsində zəlzələdən heç bir zərər çəkən olmayıbmış.
Elədirmi? Yəni doğrudanmı adamın vicdanlı olması onun ilçəsində zərər çəkənlərin olmamasına səbəb olub?
Təbii ki, belə deyil. Çünki hər şeydən öncə ona görə ki, CHP-li bələdiyyə başqanı Ökkeş Elmasoğlunun başçılıq etdiyi ilçə güclü təkanlardan kənarda qalıb. Yəni Güney Anadolu fay (qırılma) xətti sözügedən Erzin bələdiyyəsinin Güney-Doğusundan keçməklə aşağıya doğru uzanır. Oradan da eramızın 115-ci və 526-cı illərində güclü zəlzələ ilə dağılmış Antioxiyaya (Antakya) doğru irəliləyir. Yəni ilçə bələdiyyə başqanının “vicdanlı CHP-li” olmasının məsələyə heç dəxli yoxdur.
Bu adam zəlzələnin harada və neçə bal olacağını dəqiq demişdi…
Ondan başqa, nəzərə alaq ki, Hatay ilinin (vilayət) böyük şəhər bələdiyyə başqanı da CHP-lidir. Əgər bələdiyyə başqanının CHP-li olması məsələdə həlledicidirsə, onda gərək Hatay ili zəlzələdən ümumiyyətlə zərər görməyəydi. Görməyib və ya görmürmü? Təbii ki, vilayət boyu hər tərəf darmadağındır.
Daha bir məqam. Bu “vicdanlı CHP-li başqan” 2019-cu ilin martında hazırkı vəzifəsinə seçilib. Yəni Erzin ilçəsindəki tikintilərin təbii ki, böyük çoxluğu, hətta ən azı 90 faizi ona qədər tikilib. Bu isə o deməkdir ki, tikintilərin hamısının keyfiyyətli olmasını bu adamın ayağına yazmaq olmaz.
Və ümumilikdə Hatayın 15 ilçəsindən 4-nün bələdiyyə başqanı CHP-lidir (bunların məntiqi ilə oralarda da dağıntı olmamalıymış). Daha 3-nün başqanı isə MHP-ni təmsil edir. Yerdə qalan 8 bələdiyyənin başqanı AKP-lidir. Yuxarıda da qeyd etdiyimiz kimi, Hatay böyük şəhər bələdiyyə başqanı da CHP-li Lütfü Savaşdır. O da vurğulanmalıdır ki, vilayətin bəzi yerlərində dağıntılar çox olduğu halda, digər yerlərində daha zəif olub.
Demək istədiyimiz odur ki, qarşısıalınmaz təbii fəlakət olan zəlzələdən belə siyasi divident əldə etmə cəhdi heç də vicdandan və vicdanlılıqdan xəbər vermir. Bizim düşüncəmizə görə, belə bir durumda hər kəs siyasi iddialarını bir kənara buraxıb vəziyyətdən çıxmaq üçün çalışmalıdır. Yoxsa ki, bu adamlar və özəlliklə də Cümhurbaşqanı Recep Tayyip Erdoğanı bütün mümkün vasitələrlə gözdən salmaq istəyənlər hətta bu çirkin oyunu belə oynamaqdan çəkinmir.
İndi kim daha vicdanlıdır? Buna da qərarı dəyərli oxucumuz versin lütfən.