Son yeniləmə: 11 Fevral 2023 11:26
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq: “İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq. Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar”.
Qeyd edilib ki, imtahanın müddəti 3 saatdır: “Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda “cavab vərəqi” və “cavab kartı” abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir. İmtahanların idarə edilməsi üçün 62 imtahan rəhbəri, 550 nəzarətçi-müəllim, 25 ümumi imtahan rəhbəri ayrılıb. DİM nəzərə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar”.
Qeyd edilib ki, I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.