Press "Enter" to skip to content

“Azadlıq” Radiosunun rəhbəri Prezidentin ayağına gəlməli oldu

Prezident Sadır Caparov

BAYRAQDAR MEDİA – Azadlıq Radiosu/Azad Avropa Radiosunun (RFERL) rəhbəri Ceymi Flay son çarə kimi qardaş Qırğızıstanın Prezidenti Sadır Caparovun ayağına gəlməyə məcbur olub.

Məsələ ondadır ki, Qırğızıstan bu radionun qırğız xidməti – “Azattyk” radiosu ətrafında baş verənlərlə bağlı qəti qərarlı görünür. Bu radio xidməti Qırğızıstanda fəaliyyət göstərməsinə baxmayaraq xəbər yayımını bütünlüklə Qırğızıstan dövlətinin əleyhinə kökləyib. Qırğız və rus dillərində geniş fəaliyyət göstərən bu xarici xidmət sanki məqsədli şəkildə Qırğızıstanı içəridən qarışdırmağa çalışır.

Belə bir durum olduğu üçün Qırğızıstan dövlətinin müvafiq qurumları xidmətin fəaliyyətinin tam dayandırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə fevralın 20-də bu məsələni həll etməlidir.

Bu proseslə paralel müxtəlif beynəlxalq qurumlar Qırğızıstana təzyiq edərək radionun fəaliyyətini xilas etməyə çalışır. Lakin bütün bunlar fayda vermədiyi üçün RFERL-in ən üst rəhbəri şəxsən qardaş ölkəyə gələrək Prezident Sadır Caparovla görüşməli olub.

Qırğızıstan Prezidentinin Administrasiyasından fevralın 11-də BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, Prezident S.Caparov C.Flayı qəbul edib.

Dövlət başçısı görüş zamanı qonağa Qırğızıstanın azad və demokratik bir ölkə olduğunu bildirib. O, media və ifadə azadlığının ölkə üçün vazkeçilməz olduğunu da sözlərinə əlavə edib.

S.Caparov eyni zamanda qonağın diqqətinə çatdırıb ki, bütün media qurumları informasiya yayarkən istisnasız olaraq milli qanunlara əməl etməyə borcludur.

C.Flay Prezidentə qəbul üçün təşəkkür edib, Qırğızıstanda ifadə azadlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Əlavə edək ki, RFERL ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Bu radio dünyanın 23 ölkəsində 27 dildə media fəaliyyəti göstərir. Bir qayda olaraq alternativ adı altında ölkələrin daxili ictimai rəyini yanıltmağa köklənmiş RFERL-in Azərbaycan xidməti də illər öncə məhz bu fəaliyyətinə görə ölkədən çıxarılmışdı.

Mission News Theme by Compete Themes.