Press "Enter" to skip to content

Məktəblilərin kəşfi ürək xəstələrini xilas edəcək

Emil Abbasov və Mirzağa Mirzağayev

BAYRAQDAR MEDİA – Olur bəzən. Bir baxırsan ki, insanın başına bir iş gəlir, nəticədə çıxış yolunu axtararkən böyük bir kəşfə imza atır. Yaxud da ailəsində sağlamlıq problemi yaşayan biri olur, onu xilas etmək üçün əlləşir-vuruşur və yenə də tarixə düşəcək icadla gündəmə gəlir.

Hətta şəxsini ağır xəstəlikdən müalicə edib uzun ömür yaşayan, yaşadıqca da insanlara şəfa dağıdan insan örnəyi də var.

Yəqin ki, dəyərli oxucularımız da tanıyır, Ərşad Əzimzadə adında qocaman bir jurnalist həmkarımız var. Özünün yazdığı hekayətində deyir ki, uzun illər öncə ölümcül xəstəliyə düçar olubmuş. Həkimlər də ailəsinə tövsiyə edib ki, bunu son mənzilə yola salmaq üçün hazırlıq görün, bu gün – sabahlıqdır. Deyir, bunu bildiyim halda ruhdan düşmədim, əlimdə olan bir xalq təbabəti kitabını oxudum. Evdəkilərə buyurdum ki, filan yerdən filan otu, bir başqa yerdən filan çiçəyi tapıb gətirin. Gətirdilər. Sonra da onlardan məlhəm hazırladım, yavaş-yavaş özümü müalicə etməyə başladım. Ustad əlavə edir ki, bir müddət sonra tam sağaldım və indinin özündə belə sapsağlamam.

Qeyd edək ki, Ə.Əzimzadə özünü müalicə edib ölümdən döndükdən sonra bu yöndə biliklərini daha da artırmış, hətta kitab yazmışdır. Üstəlik də müraciət edənlərə məsləhətlər verərək neçə-neçə insanın sağlamlığına qovuşmasına səbəb olmuş, olmaqdadır. Ömrü uzun olsun, hazırda yaşı 80-i keçib, həyatı doya-doya yaşamaqdadır.

İndi bizim qəhrəmanımızı da hərəkətə keçirən bir sağlamlıq problemidir. Bu gəncin qısa hekayətini yazırıq və əminik ki, o da gələcəkdə böyük kəşflərə imza atacaq, insanların həyatını xilas edəcək.

Qəhrəmanımız Emil Abbasov Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 9c sinif şagirdidir. Yeni texnologiyalara və ideyalara maraq göstərir. Deyir, elə bir qurğu icad edib ki, onunla ürək xəstələrini böhranlı vəziyyətdən çıxarmaq üçün gərəkli saniyələri qabaqlamaq mümkün olacaq.

Emilin icadına keçməzdən öncə qeyd edək ki, onu buna sövq edən əzizlərindən birinin ürək problemidir. Deyir, onun ürək problemi daim məni düşündürür və buna görə də həmişə ən böhranlı vəziyyətdə ən təcili yardım üçün bir şey etməyi fikirləşirdim. Bu baxımdan Emilin ağlına sözünü edəcəyimiz icad gəlib. Düzdür, bu icadın bənzəri sayıla biləcək tətbiqlər var. Amma Emil deyir ki, onlar yetərli deyil.

Nədir Emilin icadı?

Bu, bir qolbaqdır. Yaxud da ona bənzər qurğu. İnsan bədəninə yapışdırılmış xüsusi nöqtələr üzərindən naqillərlə birləşdirilən qurğu daimi olaraq ürək fəaliyyətini nəzarətdə saxlayır. Kiçik monitorda bunu müşahidə etmək də olur. Eyni zamanda bu qurğu onu gəzdirən şəxsin yaxınlarından birinin telefon nömrəsinə uyğunlaşdırılır ki, gərək olduğunda əlavə kömək çağırsın. Hələ bu da son deyil. Qurğu həm də 103 təcili yardım xidmətinə bağlantı ilə proqramlaşdırılır.

Ürək xəstələrini qurtaracaq qurğu
Ürək xəstələrini qurtaracaq qurğu

İş prinsipinə gəlincə, qurğu şəxsin üzərinə bərkidilir, işə salınır. Daimi olaraq ürək fəaliyyəti müşahidə edilir. Hətta şəxsin hansısa dərmanı içməsinin vaxtı çatıbsa, qurğu ona xəbər verir. Bu durum şəxsin özünü idarə edə bilməsi mərhələsi üçün hesablanıb.

Amma ola bilər ki, ürək xəstəsi böhranla üz-üzə olsun. Bu vaxt qurğu yaddaşa yazılmış telefon nömrəsinə zəng edir, robot xəstənin vəziyyətinin kəskinləşdiyini xəbər verir. Bu da nəticə vermədikdə, 103 nömrəsinə eyni qaydada zəng gedir. Ən maraqlısı da odur ki, 103-ə gedən zəngdə xəstənin yerləşdiyi aktual məkan da bildirilir. Yəni mümkündür ki, xəstə danışa bilmir, yerini deməsi belə alınmır. Artıq belə bir durumda qurğu özü avtomatik məkan bildirişi də göndərməklə təcili yardıma kömək etmiş olur.

Emilin bu icadı dostu, eyni məktəbin 10e sinif şagirdi Mirzağa Mirzağayevin dizaynerlik və proqramlaşdırma bilgiləri ilə həyata vəsiqə qazanıb. Yəni əgər ideyanın sahibi Emildirsə, onun bu möhtəşəm fikrinin gerçəkləşməsində Mirzağa yaxından iştirak edir.

Mirzağa qurğuya gərəkli bilgilərin yazılmasını, onun proqramlaşdırılmasını, eyni zamanda müvafiq təcili yardım nömrəsi ilə əlaqələndirilməsini təmin edir.

Açığı, 15-16 yaşlı gənclərimizin belə düşüncəli olması, qarşılaşdıqları çətinliyi fürsətə çevirib insanlığa fayda verməyi düşünməsi çox sevindiricidir. Hələ bu gənclərin bizdən olması əlavə qürur deməkdir. Yəni onlar azərbaycanlıdır və yəqin ki, illər sonra dünyaya səs gətirən ideyalarla başımızı daim uca edəcəklər.

Yeri gəlmişkən onu da əlavə edək ki, Mirzağa Emillə birlikdə başqa ideyalar üzərində də işləyir. Onlar bizə hazırda 3D printerdə çap etdikləri bəzi fiqurları da nümayiş etdirdilər. İki dost onu da qeyd etdi ki, bunlar sadə işlərdir.

Gənclərin 3D printerdə çap etdikləri işlər
Gənclərin 3D printerdə çap etdikləri işlər

Nə deyirik ki? Təki çoxları üçün idrak edilməsi belə mümkün olmayan işləri sadə kimi görən bu gənclərimiz daha irəli getsinlər, bizi yeni uğurları ilə sevindirsinlər.

Emil və Mirzağa onu da əlavə etdilər ki, icad etdikləri qurğu daha da təkmilləşdiriləcək və istifadəsi asanlaşdırılacaq. Eyni zamanda bu qurğunun mümkün qədər ucuz və əlçatan olması üçün çalışacaqlarını deyirlər gənclərimiz. Bu da səbəbsiz deyil. Onların məqsədi ehtiyacı olan hər kəsin belə qurğunu əldə edib canının sağlamlığını təmin edə bilməsinə yardımçı olmaqdır.

Biz əminik ki, bu gənclərin bu icadı illər sonra bütün dünyada yayılacaq. Belə örnəklər tarixdə az deyil onsuz da.

Sonda: Ford avtomobillərini hər kəs bilir. Onları icad etmiş Henri Ford adi bir icadla illər sonra dünyanı sarmış bir avtomobil istehsalçısına çevrilmişdi. O, 1896-cı ildə duru yanacaqla işləyən adi bir dördtəkərli araba icad edəndə bəlkə heç özü də düşünməzdi ki, illər sonra bu icadı daha da təkmilləşəcək, dünyanın hər tərəfində ona tələbat yaranacaq. İndi bizim gənclərimiz – Emillə Mirzağa da öz icadlarına adi bir həvəs kimi baxa bilərlər. Amma biz əminik ki, yüz il sonra bizim bu yazımızda Fordla bağlı olduğu kimi, onların da haqqında bənzər sözlər yazılacaq.

Qeyd: Emil və Mirzağanın azyaşlı olmaları səbəbindən onlarla söhbət üçün valideynlərindən icazə alınıb.

Mission News Theme by Compete Themes.