Son yeniləmə: 10 Fevral 2023 10:47
Zəlzələ bölgəsində olan Ömer Koşar: Azərbaycandakı bacı-qardaşlarımız dualarını əsirgəməsinlər
BAYRAQDAR MEDİA – “Artıq üç gündür ki, biz Eskişehir təhsil şöbəsinin təcili xilasetmə bölməsi (AKUB) olaraq Malatya şəhərinin Doğanşehir ilçəsindəyik. Bura 10 şəhəri əhatə edən zəlzələ bölgəsinin ən Quzey nöqtəsi, 38 kəndi olan bir ilçədir. Malatya şəhər mərkəzinə 70 km məsafədə yerləşir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında hazırda zəlzələ bölgəsində yaralılara dəstək işlərində yaxından iştirak edən Eskişehirli tarix müəllimi, saytımızın dostu Ömer Koşar deyib.
Onun sözlərinə görə, təmsil olunduğu AKUB qrupu Doğanşehir xəstəxanasında yaralılara ilkin yardım istiqamətində həkimlərə dəstək olur: “Həmçinin, kəndlərə yardımlar çatdırırıq”.
Ö.Koşar deyib ki, bu dünya tarixində görünməmiş bir zəlzələdir: “Zəlzələnin ərazisi də çox genişdir. Təbii fəlakət zonası 13 milyon insanın yaşadığı şəhər, ilçə və köyləri əhatə edir. Bu dəhşətli zəlzələ nəticəsində həm dağıntılar, həm də çoxsaylı insan tələfatı oldu. Yaranmış fürsətdən istifadə edib, bizə dəstək verən bütün ölkələrə, xüsusilə də qardaş Azərbaycana minnətdarlıq edirəm. Azərbaycandan xilasetmə qrupları ilə yanaşı yardımlar da gəlir. Buna görə Azərbaycan xalqına təşəkkür edirəm. Eyni zamanda, xahiş edərdim ki, ərzaq yardımından daha çox maliyyə yardımı edilməsinə üstünlük verilsin. Çünki bundan sonra zəlzələ bölgəsindəki insanların problemlərinə dəstək üçün maliyyə yardımı mühüm rol oynayacaq”.
Ö.Koşar sonda, “Azərbaycandakı bacı-qardaşlarımız dualarını əsirgəməsinlər. Çünki hazırda ən çox duaya ehtiyacımız var. Burada hava çox soyuq, gündüz mənfi 5, gecə isə mənfi 15 dərəcə şaxta olur. Amma türk xalqı, inşallah, qardaşlarının da dəstəyi ilə bu problemin də öhdəsindən gələcək” deyib.