BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Türk Dünyası Qadın Platforması (TÜRKAP) ilə birgə fevralın 10-da “Əngəlsiz karyera” sərgisi keçirib. Məqsəd əlilliyi olan gənclərin işlə təmin olunmalarına və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Nəcib təşəbbüsə Berga çayı və Coffee’NJoy markası baş sponsor qismində dəstək verib. Sərgiyə 20-yə yaxın şirkət və 70-ə yaxın gənc qatılıb. Asan Xidmət, Yelo Bank, Zəfəroğlu İnşaat, United Payment Azerbaijan, Medi-Art Psixi Sağlamlıq Mərkəzi, “Qızıl Əllər” MMC, ABV “Araznet”, Ersağ Ateşgah və digər qurumların vakansiyaları, təcrübə proqramları ilə maraqlanan gənclər CV-lərini yerində təqdim etmək, habelə şirkət təmsilçiləri ilə iş perspektivlərini müzakirə etmək imkanı qazanıblar.
Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədr müavini Faiq Ağayev qeyd edib ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası uğurla həyata keçirilir. Burada kompüter bacarıqları, montajçı-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, bərbərlik, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Hazırda 162 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.
Sərgidə iştirak edən millət vəkili Nigar Arpadarai tədbirin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, bu kimi təşəbbüslər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında, eləcə də onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər şəraitin yaradılması istiqamətində böyük rol oynayır.
TÜRKAP-ın təsisçisi İlhamə Novruzova, AysMed klinikasının icraçı direktoru Firuzə Cəlilova, Azərbaycan Sahibkar Qadınlar İB-nin sədri Zemfira Ağayeva, layihənin təşkilatçı-prodüseri Sayqa Cahid də əlilliyi olan gənclərin işlə təminatına dair təkliflər irəli sürüblər.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin qazi yetirmələrinin və əlilliyi olan bir qrup gəncin əl işlərindən ibarət sərgi böyük marağa səbəb olub.
Xəbəri BAYRAQDAR MEDİA-ya TÜRKAP-ın təsisçisi İlhamə Novruzova verib.