Press "Enter" to skip to content

Quzey Makedoniya hökuməti Türkiyəni diqqətdə saxlayır

Elvin Hasan

Son yeniləmə: 9 Fevral 2023 17:03

Elvin Hasan: Quzey Makedoniya türkləri olaraq Türkiyəyə yardım göstərmək üçün ayaqdayıq

BAYRAQDAR MEDİA – “Türkiyədə baş verən dəhşətli zəlzələ Quzey Makedoniyada da üzüntü ilə qarşılanıb. Vətəndaşlarımız Türkiyədə təbii fəlakət nəticəsində baş verən çoxsaylı insan tələfatı və dağıntılara görə çox üzgündür. Xüsusilə insanların soyuq qış ayında evsiz qalması hamımızı çox dərindən sarsıtmışdır. Zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə sağalmağı arzu edirəm”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Qurulunun üzvü olan Elvin Hasan deyib.

O, qeyd edib ki, artıq Quzey Makedoniya Müdafiə Nazirliyinin tərkibində olan özəl qüvvələrdən ibarət 24 nəfərlik heyət Türkiyəyə göndərilib: “Bu heyət zəlzələdə dağıntıların altında qalanların müəyyən edilməsi üçün təlim görmüş 3 xüsusi it də aparıb. Artıq onlar zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına qoşulublar”.

E.Hasanın sözlərinə görə, Quzey Makedoniya hökuməti də bu məsələni xüsusi diqqətdə saxlayır: “Quzey Makedoniya hökumətinin fevralın 8-də qəbul etdiyi qərara əsasən, xüsusilə təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı təlim görmüş 36 nəfərlik xüsusi qrup da Türkiyəyə göndəriləcək. Həmçinin, Quzey Makedoniya Türkiyəyə maddi dəstək də verəcək. Hökumətimiz məsələni diqqətdə saxlayır. Eyni zamanda Səhiyyə Nazirliyi Türkiyəyə həkim heyəti göndərəcək. Quzey Makedoniya Qırmızı Xaç Komitəsi də Türkiyəyə yardım kampaniyasına başlayıb. Ölkənin bir çox bələdiyyəsi də Türkiyəyə maddi dəstək veriləcəyini bəyan edib. Bundan başqa bəzi bələdiyyələrin nəzdindəki xilasetmə qrupları da Türkiyəyə yola salınıb”.

Müsahibimiz Quzey Makedoniyadakı türklərin də ilk andan dəstək üçün ayaqda olduğunu bildirib: “Biz də dərhal Türkiyədəki dostlarımızı aradıq, daha çox nəyə ehtiyaclarının olduğunu öyrəndik. Makedoniya vətəndaşları olan türk soydaşlarımız da bizləri arayaraq yardımla bağlı məsləhət alır, prosesdə iştirak etmək arzularını bildirirlər. Yəni Quzey Makedoniya türkləri istər QHT-lər, istərsə də türklərin formalaşdırdığı partiyalar vasitəsilə yardım kampaniyalarında fəal şəkildə iştirak edirlər. Biz bu yardımların mərkəzləşdirilmiş qaydada toplanmasına üstünlük veririk. Ona görə öncə oradakı insanların nəyə ehtiyaclarının olduğunu öyrəndik, sonra da bu istiqamətdə hərəkətə keçdik. Bir sözlə, Quzey Makedoniya türkləri olaraq Türkiyəyə yardım etmək üçün ayaqdayıq. Son olaraq demək istəyirəm ki, Türkiyə güclü bir ölkədir. Bu vaxta kimi bütün çətinliklərin öhdəsindən gələ bilib. İnanırıq ki, bu çətinlyin də öhdəsindən gələcək”.

Mission News Theme by Compete Themes.