Press "Enter" to skip to content

Qəbul imtahanlarına hazırlaşanlar üçün əvəzsiz mənbə

Məleykə Abbaszadə

Son yeniləmə: 9 Fevral 2023 14:29

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Fevralın 9-da Dövlət İmtahan Mərkəzi və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib. “Tarix” vəsaiti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və Azərbaycanın milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar: “Həmçinin Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin, həmçinin Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir:“Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan H.Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. O, iqtisadiyyatın da, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayardı”.

M.Abbaszadə Dövlət İmtahan Mərkəzi və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək məqsədi daşıdığını, xüsusilə öz üzərində müstəqil çalışmaq istəyənlər üçün əvəzsiz mənbə olduğunu deyib: “Sədr vəsaitin hazırlanmasında və nəşrində iştirak etmiş bütün müəlliflərə, yaradıcı və texniki heyət üzvlərinə, “LANDAU School”un rəhbərliyinə və DİM əməkdaşlarına, bir sözlə, bu işdə zəhmət çəkmiş hər kəsə dərin təşəkkürünü bildirib, onun ulu öndərimizin adına layiq bir nəşr, 100 illik yubileyə dəyərli bir töhfə olacağını düşündüyünü qeyd edib”.

Tədbirdə həmçinin, Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov çıxış ediblər.

Daha sonra tədbirdə vəsaitin həmmüəllifləri çıxış ediblər: “Dövlət İmtahan Mərkəzinin Tarix fənni üzrə işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəsaitin “Ümumi tarix”, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev “Azərbaycan tarixi” bölməsi haqqında danışıblar. Vəsait haqqında ümumi məlumat verən Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov isə onun tədris proqramı və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fənn kurikulumunun tələblərinə tam uyğunluğunu qeyd edib, kitabda olan müstəqil qiymətləndirmə tapşırıqlarının əhəmiyyətindən danışıb”.

Məlumatda qeyd edilib ki, tədbirə dəvət olunan Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva isə öz çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb və onun zəngin həyat yolu haqqında məlumat verib: “Xatırladaq ki, görüşdə həmçinin Dövlət İmtahan Mərkəzinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları və DİM-in “YAŞAT” fondu ilə əməkdaşlığı çərçivəsində təhsilini ali məktəblərdə davam etdirmək istəyən və ödənişsiz əsaslarla hazırlıq kursuna cəlb edilən bir qrup qazi də iştirak edib”.

Mission News Theme by Compete Themes.