BAYRAQDAR MEDİA – Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu fevralın 9-da başa çatır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən BAYRAQDAR MEDİA-ya məlumat verilib.
Qeyd edilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır: “İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək. 9 fevral saat 09.00-a olan məlumata əsasən, 17 min 222 bakalavr (Azərbaycan bölməsi – 15 min 799, rus bölməsi – 1423) ərizəsini təsdiq edib”.
Xəbərdə bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 125 nəfər), eləcə də digər bakalavrlar fevralın 9-da saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər: “Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Qeyd edək ki, imtahan 2023-cü il fevralın 19-da keçiriləcək”.