BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı Nazirliyin 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə qardaş ölkəyə yola salınıb.
Xəbəri fevralın 8-də FHN yayıb.
“Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8 min geyim dəsti, 20 min cüt corab, 350 ədəd masa, 1 min ədəd oturacaq, 5 min ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir”, – deyə xəbərdə bildirilir.
FHN-in başqa bir xəbərində deyilir ki, əlavə olaraq təyyarə ilə də yardım yola salınıb: “Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb. Hava nəqliyyatı ilə ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1 min 448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1 min ədəd oturacaq, 2 min ədəd iplik dəsmal və digər ləvazimatlar göndərilib”.
FHN həm də xəbər verir ki, qurumun xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş ərazisində axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.