Son yeniləmə: 8 Fevral 2023 17:12
BAYRAQDAR MEDİA – 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriıib.
Bildirilib ki, beləliklə, 1 fevral tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılacaq: “Eyni zamanda həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək. Son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub”.
Qeyd edilib ki, hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir: “2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib”.