Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri Türkiyədə zəlzələ zamanı yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır
BAYRAQDAR MEDİA – Azərbaycanın səhiyyə naziri Teymur Musayev və türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən mılumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı T.Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
Məlumata əsasən, nazir bildirib ki, həmin məqsədlə ümumilikdə tibb müəssisələrində iki min çarpayı ayrılıb:
“Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır. T.Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbir diləyib”.