Son yeniləmə: 8 Fevral 2023 15:18
BAYRAQDAR MEDİA – Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarına yardım göstərilməkdədir. Azərbaycan Xarici İşlər Nazirliyində, Türkiyədəki səfirlikdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 8-də Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur: “Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir”.
Eyni zamanda, Azərbaycan tərəfindən vətəndaşların təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə səfirliyin və səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.
Məlumata əsasən, fevralın 7-də zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, bu günə qədər 1 nəfər Azərbaycan vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınmışdır: “Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!”