Dr. Yücel Karauz: İnsanın yaxşı günündə də, pis günündə də qardaşını yanında görməsi, onun dəstəyini hiss etməsi çox önəmlidir
BAYRAQDAR MEDİA – “Azərbaycan xalqı bir daha öz sədaqətini, qardaşlıq həmrəyliyini nümayiş etdirdi. Azərbaycan xalqı 6 fevral saat 04:17-dən bəri demək olar ki, yatmır. Bunun səbəbi Türkiyədə son yüz ilin ən ağır təbii fəlakətinin, zəlzələnin baş verməsidir. Bu zəlzələdən dərhal sonra Azərbaycanda 7-dən 77-yə hər kəsin Türkiyənin yanında olduğunu gördük və hazırda da görürük”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, zəlzələdən sonra müşahidə edilənlər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu, hər bir çətin anda daha da möhkəmləndiyini deməyə əsas verir: “Zəlzələdən dərhal sonra səhər erkəndən başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin və xalqının göstərdiyi diqqət, verilən açıqlamalar, mənəvi dəstək, həmçinin Türkiyəyə ilk yardıma da məhz Azərbaycandan olan xilasedicilərin gəlməsi, Türkiyənin Azərbaycandakı səfirliyinin önünə axışan Azərbaycan xalqının sərgilədiyi mövqe, nəhayət xalqın yardım kampaniyasını müşahidə etmək bizi çox qürurlandırır. Bu proses bizi 111 il əvvəlki tarixə aparır. 111 il öncə Türkiyə Balkan müharibəsinə qoşularkən Azərbaycan xalqı Osmanlı İmperiyasına yardım etmək üçün könüllü Qafqaz birlikləri formalaşdırdı. Bu birliklər Osmanlı tərəfdən döyüşmək üçün cəbhəyə getdilər. Həmin vaxt Azərbaycan xalqı eyni zamanda Osmanlıya maddi yardım üçün kampaniya başlatdı. Həmçinin bunun ardınca, 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsində Doğu cəbhəsində cərəyan edənlər və Osmanlı İmperiyası ərazisinin işğal edilməsi, Sarıkamış döyüşündə acı məğlubiyyətdən sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti vasitəsilə qardaş köməyi fəaliyyətləri icra edildi. Osmanlı dövlətinə hər cür maddi və mənəvi dəstək göstərildi. Bu yardım Qurtuluş Savaşında da davam edib. Həmin vaxt Azərbaycandan olan analarımız, bacılarımız qulaqlarındakı, boyunlarındakı qızılları toplayaraq Türkiyəyə yardım üçün göndərdilər”.
Y.Karauz sözlərinə davam edərək, “dünyanın harasına gediriksə, bizə verilən sual bu olur: niyə məhz Türkiyə-Azərbaycan qardaşlığı? Mən o suala cavab olaraq deyirəm ki, Türkiyə-Azərbaycan qardaşlığı zamanın sınağından çıxıb. Yuxarıda sadalanan faktlar da bu qardaşlığın təkcə xoş günlərdə deyil, həm də çətin zamanlarda da öz sözünü dediyini sübut edir. Əsasını xalqlarımızın birliyindən, bərabərliyindən alan Türkiyə-Azərbaycan qardaşlığı Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün bizim yardımımıza gələn qardaş Azərbaycanın xilasediciləri Kahramanmaraşda, Hatayda bir tarix yazır. Necə ki, bunu Van zəlzələsi zamanı da etmişdilər. İnsanın yaxşı günündə də, pis günündə də qardaşını yanında görməsi, onun dəstəyini hiss etməsi çox önəmlidir. 111 il sonra təkrar canlanan qardaş köməyi ruhu Türkiyə-Azərbaycan əlaqələrini sonsuza qədər davam etdirəcəkdir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Allah dövlətlərimizə bir daha belə acılar yaşatmasın. Zəlzələ zamanı həyatını itirənlərə rəhmət, yaralılara da acil şəfalar diləyirəm. Son olaraq göstərilən diqqət və qayğıya görə öz adımdan Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edirəm” deyib.