Son yeniləmə: 7 Fevral 2023 18:53
Selçuk Karakılıç: Qardaş köməyinə ehtiyacımız var
BAYRAQDAR MEDİA – “Hələ 100 il öncə Azərbaycanda Birinci Dünya Müharibəsi və Milli Qurtuluş Savaşı illərində hər zaman “Qardaş köməyi” adı ilə yardım toplanırdı. Təkcə imkanlılar deyil, Azərbaycan xalqı əllərində nə varsa, Türkiyəyə göndərirdi. “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” Birinci Dünya Müharibəsi illərində qardaş Türkiyəyə yardımlarını davam etdirirdi. “Qardaş köməyi” adlı nəşri çıxararaq gəlirlərini Türkiyəyə göndərən azərbaycanlı jurnalistlər xalqın səsinə çevrilmişdi”.
Bu sözləri Bakı Yunus Emre İnstitutunun direktoru Selçuk Karakılıç mediaya açıqlamasında bildirib.
Bakı Yunus Emre İnstitundan BAYRAQDAR MEDİA-ya fevralın 7-də verilən məlumata görə, S.Karakılıç əlavə edib ki, yüz il sonra baş verən zəlzələdən dolayı Türkiyə yenə də böyük bir fəlakətlə üz-üzədir: “Bu gün yenidən “Qardaş Köməyi”nə ehtiyac var. “Bakı-Türk Təhsil” qurumları, “Türkiyə Əsri Birlik və Həmrəylik” platforması və “Qardaş Köməyi” platforması müxtəlif yardım kampaniyaları təşkil edir. Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var”.
O, Azərbaycan xalqını zəlzələdən zərər çəkmişlərə yardım üçün başlanan kampaniyalarda fəal iştirak etməyə səsləyib.