Press "Enter" to skip to content

QHT sədrindən çağırış: Türkiyənin yanında olaq

Emin Həsənli

Son yeniləmə: 7 Fevral 2023 11:12

Emin Həsənli: Bütün QHT-ləri, iş adamlarını və vətəndaşları Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım kampaniyasına qoşulmağa çağırıram

BAYRAQDAR MEDİA – “Fevralın 6-da qardaş Türkiyədə baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ bizi də çox sarsıtdı. Mən öncə təbii fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə sağalmalarını arzu edirəm”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli deyib.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu dəfə də qardaşlarımızın səsinə ilk səs verən biz olduq: “Ümumiyyətlə danılmaz bir həqiqətdir ki, Türkiyə-Azərbaycan qardaşlığı Qazi Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “bir millət – iki dövlət” fəlsəfəsinə əsaslanır. Məhz bundan güc alan Türkiyə-Azərbaycan qardaşlığı bütün ağır sınaqlardan üzüağ çıxıb. Sevincli günlərdə olduğu kimi, kədərli anlarda da birlikdə olmuşuq. Bu dəfə də belə oldu. O dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana müraciət etdi. Müraciətdə cənab Prezident Türkiyə Cümhurbaşqanına başsağlığı verib və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib. İ.Əliyev gün ərzində qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirib. Qeyd edim ki, dövlət başçısının tapşırığına əsasən dərhal 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərilib. Eyni zamanda, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət bir neçə təyyarə və əlavə heyət qardaş ölkəyə yola salınıb”.

E.Həsənli deyib ki, Azərbaycanda dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, iş adamları və vətandaşlar da öz sözünü deməlidir: “Bu gün qardaşlarımıza kömək lazımdır. Yanan bir yerə dimdiyində su gətirən quş misalı kimi bizlər də əlimizdən gələn hər cür yardımı, böyük və kiçikliyindən asılı olmayaraq, qardaşlarımıza etməliyik. Mən yuxarıda cənab Prezidentin tapşırığı ilə Türkiyəyə yardımlar edildiyini bildirdim. Hesab edirəm ki, bizlər də bu məsələdə əlimizi daşın altına qoymalıyıq. Mən BAYRAQDAR MEDİA-nın yaratdığı imkandan istifadə edərək bütün QHT-ləri, iş adamlarını və vətəndaşları Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım kampaniyasına qoşulmağa çağırıram. Növbəti dəfə qardaşlarımızın yanında olmalıyıq. Əslində, bununla biz ötən əsrlərdə dədə-babalarımızın xeyriyyəçilik, Türkiyəyə qardaşlıq yardımı ənənələrini də davam etdirmiş olarıq”.

Mission News Theme by Compete Themes.