BAYRAQDAR MEDİA – Fevralın 6-da Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbərliyində təmsil olunan şəxslərin görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dan daxil olub.
Toplantıda MŞ sədri Rəşad Məcid bildirib ki, “Media haqqında” Qanundan irəli gələn vəzifələrin həlli, o cümlədən hazırda tətbiq edilən Media Reyestri cəmiyyətdə müzakirələrə səbəb olub.
“MŞ tərəfindən də vaxtilə gündəmə gətirilmiş başlıca məqam bu idi ki, redaksiyaların hazırkı ştat vahidi reyestrə düşmək üçün olan tələblərə uyğun olmalıdır. Elə ştatlar var ki, onlar üzrə işə götürülmüş şəxs, faktiki olaraq, jurnalist fəaliyyəti yerinə yetirib, lakin hazırda bunun nəzərə alınması mümkün deyil”, – deyə qurumun sədri qeyd edib. O, eləcə də məsələnin MEDİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə səyi nəticəsində həllini tapdığını diqqətə çatdırıb.
R.Məcid, həmçinin, Vergi Məcəlləsinə media fəaliyyəti ilə bağlı dəyişiklik layihəsinin Milli Məclisdə müzakirəyə çıxarıldığını vurğulayıb. O, dəyişiklik nəticəsində media subyektlərinə vergi güzəştlərinin tətbiqinin nəzərdə tutulmasının müsbət hal olmasını və bunun onların fəaliyyətində pozitiv meyllər doğuracağını, medianın iqtisadi imkanlarının artacağını bildirib.
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov da Vergi Məcəlləsinə dəyişiklik layihəsinin Azərbaycan dövlətinin media sahəsində apardığı islahatlar proqramının tərkib hissəsi olduğunu ifadə edib. O, rəhbərlik etdiyi qurumun yaxın vaxtlarda biznes strukturları ilə görüş keçirmək, media-biznes münasibətləri sahəsindəki durum ilə əlaqədar müzakirələr aparıb hər iki tərəfin mənafeyinə uyğun optimallaşdırıcı təkliflər hazırlamaq niyyətində olduğunu açıqlayıb. Media Reyestrində qoyulan tələblərin redaksiyalardakı mövcud ştat vahidinə uyğunlaşdırılmasına gəlincə, Ə.İsmayılov məsələnin, əslində, reyestrdən deyil, redaksiyaların ştat vahidlərinin əmək qanunvericiliyinə uyğunsuzluğundan qaynaqlandığını diqqətə çatdırıb. O, MEDİA-nın ƏƏSMN ilə birgə mövcud vəziyyətin qaydaya salınması istiqamətində müvafiq iş apardığını diqqətə çatdırıb və nəticədə problemin yoluna qoyulduğunu vurğulayıb.
“Media haqqında” Qanundakı bütün anlayışların jurnalist fəaliyyətini əhatə etdiyini deyən Ə.İsmayılov, “Media Reyestri müstəqil fikrin ifadəsinə heç bir məhdudiyyət tətbiq etmir, eyni zamanda, “Media haqqında” Qanunun çərçivəsinə daxil olmayan hər hansı fəaliyyət sənədin təsir dairəsindən uzaqdır. Əgər kimsə hansısa sayt, yaxud bloq yaradıb özünün maarifləndirici xarakterli baxış və təkliflərini yayacaqsa, onun özünü ifadə vasitəsi media fəaliyyəti kimi nəzərə alınmır. Ancaq bu platforma xəbər yayıcılığı üzərindədirsə, o zaman qanunun tələbinə uyğunluq mütləqdir” deyə əlavə edib.
Ə.İsmayılov, həmçinin, media subyektlərində işləyən əməkdaşlar üçün reyestrə düşmək tələblərindən söz açıb. Qoyulmuş üç illik fəaliyyət müddəti tələbini, yalnız müəyyən peşəkarlığa malik jurnalistlərin reyestrə daxil edilməsinin prinsip kimi götürülməsi ilə əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında uzun müddət media sahəsindəki əmək münasibətlərinin rəsmiləşdirilməməsinin hazırda jurnalistlərin Media Reyestrinə daxil edilməsinə yaratdığı maneədən söz açıb. O, eyni zamanda, “Media haqqında” Qanuna və Media Reyestrinə qarşı müəyyən qüvvələrin apardıqları kampaniyanın xüsusi siyasi məqsəd daşıdığını, bunun söz və ifadə azadlığı məsələləri ilə beynəlxalq miqyaslı manipulyasiyanın tərkib hissəsi olduğunu vurğulayıb.
Müzakirələrdə iştirak etmiş MŞ sədrinin müavini, ATV prezidentinin müşaviri Səadət Məmmədova, Şuranın İH üzvləri – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Technote Media” Şirkətinin rəhbəri Fərid Pərdəşünas, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu və başqaları çıxışlarında Media Reyestrinin tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər. Yeni qanunun qəbul edilməsi və media sahəsində yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasının zamanın tələbi olduğu qeyd edilib.