Press "Enter" to skip to content

FHN xəbərdarlıq edir: kəskin hava şəraiti olacaq

Fövqəladə Hallar Nazirliyi

BAYRAQDAR MEDİA – Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Qurumun fevralın 7-də yaydığı xəbərdə deyilir ki, “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır”.

Qeyd olunanları nəzərə alaraq FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”, – deyə xəbərdə bildirilir.

Daha sonra əlavə edilir ki, “bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.

“Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.” Bu fikirlər də FHN-in müraciətində yer alıb.

Mission News Theme by Compete Themes.