BAYRAQDAR MEDİA – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ağsu rayonunda meliorativ tədbirlər uğurla davam edir. Suvarılmanın yaxşılaşdırılması üçün Ağsu rayonunun ərazisində yerləşən Qazanarx kanalı yenidən qurulub. Ağsu çayının məcrasında isə Baş Su Qəbuledici qurğu tikilib”.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 6-da sözügedən Cəmiyyətdən daxil olub.
Xəbərdə daha sonra deyilir ki, “əvvəlki illərdə Ağsu çayından su götürmək üçün xeyli çətinliklər yaranırdı. Bu qurğunun tikintisindən sonra saniyədə 5 kub metr su götürmək üçün dəmir-beton kanal da çəkilib. Baş Su Qəbuledici qurğu bir neçə hissədən ibarətdir. Qurğu çayın məcrasını ortadan su aşırımlı bənd vasitəsilə kəsir. Bu da suyun səviyyəsinin qaldırılmasına, eyni zamanda kanalların su götürməsinə kömək edir”.
“Qurğunun əsas üstünlüklərindən biri də çaya gələn sel sularının qarşısını almasıdır. Yekunlaşan işlər Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən həyata keçirilib. Qazanarx kanalının əsas iş prinsiplərindən biri də suvarmanın aparılmadığı vaxtlarda Cavanşir gölünün su ilə doldurulmasına töhfə verməkdir”, – deyə xəbərdə bildirilir. O da əlavə edilir ki, “bu məqsədlə Cavanşir gölündə təmir-bərpa işləri aparılıb”.
Qeyd edilib ki, Ağsu rayonu ilə yanaşı Hacıqabul və Şamaxı rayonlarında da yeni nasos stansiyaları tikilərək istifadəyə verilib.