BAYRAQDAR MEDİA – Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ qərargahlar yaradılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşların olub-olmaması məsələsi araşdırılır.
Məlumatda deyilir ki, səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır: “Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur. Zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”.
Vətəndaşlar həmçinin, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ilə (əlaqə nömrəsi +905366138648) və Qarsdakı Baş Konsulluğu ilə (əlaqə nömrələri +905527801418, +905075893011) əlaqə saxlaya bilərlər.