Son yeniləmə: 6 Fevral 2023 13:30
BAYRAQDAR MEDİA – Sahibkarlar Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən göstərilən xidmətlər – gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı və sənaye qaz qurğularının istismarına icazənin alınması üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, sözügedən xidmətlərə edilən müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində baxılaraq nəticəsinə dair yekun sənəd “Bakı KOB evi”ndə sahibkarlara təqdim edilir.
Qeyd edilib ki, Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) “Bakı KOB evi”ndə sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir: “Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti zamanı lazım olan zəruri sənədlər (lisenziya və müxtəlif icazələr), vergi və gömrük məsələləri, kommunal xidmətlərə qoşulma, güzəştli maliyyə vəsaitlərinə çıxış, notariat, bank, sığorta, lizinq və digər xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər”.