Press "Enter" to skip to content

Gulca qətliamından 26 il ötdü

Gülca qətliamının fotosu

Son yeniləmə: 6 Fevral 2023 13:00

BAYRAQDAR MEDİA – Çinin 1997-ci il fevralın 5-də Doğu Türküstanda törətdiyi qanlı qətliam indi də yaddaşlarda yerini qoruyub saxlayır.

Kırım Haber Ajansının məlumatına görə, Doğu Türküstanın Gulca şəhəri yerləşdiyi mövqeyə görə Çin üçün çox mühüm strateji şəhər kimi tanınır: “1997-ci il fevralın 5-də Ramazan ayının son günlərində Gulcada qanlı qırğın baş verdi. Aradan 26 il keçməsinə baxmayaraq, Doğu Türküstan xalqı baş verən vəhşilikləri unutmur”.

Bildirilib ki, 1997-ci il fevralın 4-də uyğur türk qadınları Ramazan ayında Qədr gecəsi münasibətilə Gulcada keçirilən məclisdə iştirak etdikləri üçün həbs ediliblər: “Həmin qadınların azadlığa buraxılmasını tələb edən insanlar ertəsi gün (fevralın 5-də) küçələrə axışıblar. Dinc şəkildə başlayan nümayişlər Çin təhlükəsizlik qüvvələrinin kütləni təsadüfi atəşə tutması ilə qırğına çevrilib. Çin polisinin uyğur türklərinin tələblərinə qarşı münasibəti hadisələrin qızışmasına səbəb olub və 1949-cu ildə Doğu Türküstanın işğalından sonra ən ciddi üsyanlardan biri baş verib. Fevralın 5-də və ondan sonrakı günlərdə davam edən etirazlar zamanı azı 100 uyğur türkü şəhid olub, yüzlərlə insan yaralanıb, nümayişlərdən sonra isə 4 mindən çox uyğur türkü saxlanılıb. Müstəqil mənbələr Çin polisi tərəfindən həbs edilən 300-dən çox uyğur türk gəncinin mənfi 30 dərəcə soyuqda saxlanılaraq və üzərlərinə soyuq su səpilərək öldürüldüyünü qeyd edib. Saxlanılanların əksəriyyətinin taleyi bu günə qədər məlum deyil”.

Mission News Theme by Compete Themes.