Son yeniləmə: 6 Fevral 2023 20:03
Məcid Cavadi: İran casus şəbəkəsinə qarşı tədbirlər Azərbaycanın müxalifət qüvvələrinin daxilində də görülməlidir
BAYRAQDAR MEDİA – “Son günlərdə İranın Azərbaycandakı casus şəbəkəsi barədə məlumatlar yayılıb. İranın Azərbaycanda, o cümlədən Azərbaycan mediasında yerləşdirdiyi casusların bir qrupunun saxlanması haqqında məlumatı bizlər də həyəcanla izləyirik”.
Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
İran mövcud molla rejiminin öz fəaliyyətində bu metoda daha çox üstünlük verir
Onun sözlərinə görə, bu xəbərlər onları heç də təəccübləndirmir: “O mənada ki, əvvəla, İranın mövcud molla rejiminin öz fəaliyyətində bu metoda daha çox üstünlük verdiyi kimsəyə sirr deyil. Digər tərəfdən bu, Azərbaycanda İran casuslarının zərərsizləşdiriliməsi ilə bağlı ilk hadisə deyil”.
Xatırladaq ki, fevralın 1-də Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkədəki dini etiqad azadlığından sui-istifadə etməklə Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
Onu da qeyd edək ki, İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı keçirilən əməliyyat InterAz TV və “Salamnyus” agentliyini də əhatə edib. Əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Bu media resurslarının İran tərəfindən maliyyələşdirildiyi və fars-molla rejimini təbliğ etdiyi üzə çıxıb.
Bu, İran dövlətinin terrorçu mahiyyətini ortaya qoyur
M.Cavadi bildirdi ki, Türkiyədə və Avropada da zaman-zaman bu şəkildə İranın agentləri, yaxud terrorçuları həbs edilir: “Əslində, bu, İran dövlətinin terrorçu mahiyyətini ortaya qoyur. İranın bütün dünyada bu cür fəaliyyətləri var. Amma təbii ki, Azərbaycana yönəlik bu fəaliyyətlər hər zaman daha genişmiqyaslı olub. Azərbaycan dövlətinin də buna qarşı zaman-zaman, həmçinin hazırda tədbir görməsi təbiidir. İranın casus şəbəkəsinə qarşı Azərbaycanın təhlükəsizlik qüvvələrini həyata keçirilən uğurlu əməliyyata görə təbrik edirəm. Bu uğurlu əməliyyatları alqışlayıram. Bu casus şəbəkəsinin təmizlənməsi vacibdir və lazımdır”.
Müxalifət qüvvələri içərisinə öz casuslarını yeritməkdə fars-molla rejiminin xüsusi təcrübəsi var
Müsahibimiz mövzu ilə bağlı maraqlı, həm də düşündürücü bir məlumatı da qeyd etdi: “Eyni şəkildə biz bilirik ki, Azərbaycanda müxalifət qüvvələrinin daxilində də bu casus şəbəkəsinin üzvləri var. Əlimizdə dəqiq faktlar olmasa da bəzi sərgilənən mövqelərdən, həmçinin, keçmişdəki təcrübələrdən biz bunu bilirik. Ona görə də hesab edirəm ki, İran casus şəbəkəsinə qarşı tədbirlər Azərbaycanın müxalifət qüvvələrinin daxilində də görülməlidir”.
M.Cavadinin sözlərinə görə, ümumilikdə, müxalifət qüvvələri içərisinə öz casuslarını yeritmək, lazım gələndə onlardan siyasi məqsədlər üçün istifadə etməkdə fars-molla rejiminin xüsusi təcrübəsi var: “Fars-molla rejiminə qarşı müxalifətdə olan Azərbaycan türk qrupları, eləcə də, kürd, ərəb, bəluc qrupları daxilinə belə casuslar yerləşdirilib”.
İran dövləti bu cür agentlərini Güney Azərbaycan Milli Hərəkatının daxilində də yerləşdirib
Müsahibimiz, “əlbəttə ki, İran dövləti bu cür agentlərini Güney Azərbaycan Milli Hərəkatının daxilində də yerləşdirmək üçün müəyyən addımlar atıb. Biz bunun uzun illər müxtəlif faktların timsalında şahidi olmuşuq. Ona görə də hazırda tarixi və strateji məqamda Güney Azərbaycan Milli Hərəkatı olduqca diqqətli olmalıdır. Əgər əvvəllər bu cür casuslar hərəkatı parçalamaq, hərəkat daxilində qarşıdurma yaratmaq, paralel media yaratmaq üçün ehtiyatla addımlar atırdısa, heç şübhəsiz onlar mərkəzdən, molla ağalarından aldıqları sifarişlə bu dağıdıcı fəaliyyətlərini daha da intensivləşdirə bilərlər” deyə əlavə edib.