BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, fevralın 6-da yerli vaxtla səhər saat 4.17-də qardaş Türkiyədə 7,4 (bəzi mənbələrə görə 7,8) bal gücündə zəlzələ olub. Çoxsaylı insan itkilərinə və dağıntılara səbəb olan zəlzələyə ilk reaksiya verən dövlətlərdən biri də Azərbaycandır.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev zəlzələ ilə bağlı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana müraciət edib.
“Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi”, – deyə müraciətdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.