BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev qardaş Türkiyədə fevralın 6-sı səhər saatlarında baş vermiş zəlzələ ilə bağlı müraciət yaymışdı. Eyni zamanda o, Azərbaycanın bütün mümkün vasitələrlə qardaş ölkəyə yarım etməsi üçün operativ tapşırıqlar vermişdi.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, İ.Əliyev gün ərzində qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edərək “zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini” bildirib.
İ.Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı R.T.Erdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Prezident qeyd edib ki, “bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Türkiyə Cümhurbaşqanı zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib.
İ.Əliyev deyib ki, “onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq”.
“Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi”, – deyə xəbərdə bildirilir.