Ayaz Mirzəyev: İranın şər münasibəti onun İslam dövləti olduğuna inananlarda ciddi soyuq duş effekti yaradır
BAYRAQDAR MEDİA – “İranın Azərbaycana həqiqi münasibəti hələ İkinci Qarabağ Müharibəsi zamanı özünü büruzə verdi. Bizim uzun illərdir səmimi dost və mehriban qonşu adlandırdığımız bir dövlət Azərbaycan şəhərlərinin raket və top atəşinə tutulduğu, kənd və şəhərlərin bayrağa bükülü şəhid cənazələri qəbul etdiyi bir vaxtda həm quru, həm də hava imkanlarını Ermənistana silah-sursat daşınması üçün səfərbər etdi”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, jurnalist Ayaz Mirzəyev deyib.
Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanın öz ərazilərini azad edərək daha da güclənəcəyindən, güclü olduğunu sübut edəcəyindən qorxan İran rejimi 44 günlük müharibə dövründə erməni zülmünün, işğalın davam etməsi üçün əlindən gələni əsirgəmədi: “Yəqin həm də ona görə ki, Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında və qarət edilməsində iştirak edənlər arasında İran vətəndaşları və İran şirkətləri də vardı. Sual yarana bilər, axı biz İrana qarşı nə etmişik? Azərbaycana qarşı bu düşmən münasibəti nədən qaynaqlana bilər?”
A.Mirzəyev bildirib ki, həqiqətən də İranın şər münasibəti onun İslam dövləti olduğuna inananlarda ciddi soyuq duş effekti yaradır: “Bu gün molla rejiminin davranışlarına baxan müsəlmanların verdiyi sual budur – İslam İranın harasındadır? Milli sərvətlərini ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, sabitliyin pozulmasına yönəltmiş İran bu gün bütün dünyada terroru dəstəkləyən dövlət kimi tanınır. Təsadüfi deyil ki, İran müasir dünyanın ən çox sanksiyaya məruz qalmış 3 ölkəsindən biridir. İran Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi dəstəklə bir daha bu ünvanlara layiq olduğunu sübut edir”.
Müsahibimiz qeyd edib ki, İran Azərbaycan Respublikasına qarşı dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlər keçirir, vətəndaşları şəxsiyyətlərini gizlədilərək başqa adlarla ərazilərimizdə terror-təxribat əməlləri törətməyə çalışır: “Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti və ayıq-sayıqlığı nəticəsində buna nail ola bilməyən İran bu dəfə Tehranda bizim səfirliyimizə qarşı terror aktı törədilməsinə göz yumur və dəstək verir.
“İran cəmiyyəti artıq din amilindən istifadə edilməklə hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, qeyri-insani davranışı qəbul etmir. İranda azərbaycanlıların hüququnun tapdanması, onlara qarşı qeyri-insanı münasibət isə sirr deyil. Ölkə əhalisinin təxminən yarısını təşkil edən azərbaycanlılara qarşı sərhədsiz diskriminasiya mövcuddur”.
A.Mirzəyev, həmçinin, “Fikrimcə, İran tərəfi başa düşməlidir ki, onun əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Qlobal enerji tədarükçüsünə çevrilən müstəqil Azərbaycan bu gün Avropanın, ABŞ-ın bu sahədə əsas tərəfdaşlarından biridir. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi isə bu gün regionda sülhün və sabitliyin əsas təminatçısına çevrilib. Ona görə də öz mədəni və tarixi keçmişinə xəyanət edərək işğala məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında olmağa üstünlük verən İran, Azərbaycanın dünyaya verdiyi mesajlardan ciddi nəticə çıxarmalı, ölkəmizə qarşı terror addımlarından əl çəkməlidir. Atalarımızın yaxşı bir misalı var: Başqasına quyu qazan sonda özü o quyuya düşər” deyə əlavə edib.