BAYRAQDAR MEDİA – Fevralın 4-də 12 ölkədən gəlmiş beynəlxalq səyahətçilərdən ibarət qrup Qarabağ və Şərqi Zəngəzura yollanıb.
Artıq sosial media üzərindən edilən paylaşımlardan da bəlli olur ki, qarşıda onları maraqlı səyahət – acı həqiqətlərə şahidlik gözləyir.
Verilən xəbərlərdə deyilir ki, geniş tərkibli beynəlxalq səyahətçilər qrupu fevralın 6-dək azad edilmiş ərazilərdə olacaq.
Ümumilikdə 30 nəfərlik heyətə 12 ölkə – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.
Səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.
Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
Qeyd edək ki, səyahətçilər artıq dağıdılmış Füzuli şəhərindən fotolar paylaşırlar.