Press "Enter" to skip to content

Ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə – VİDEO

Azər Həsrət

BAYRAQDAR MEDİA – Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçirilib. Tədbirin açılışında Prezident İlham Əliyev çıxış edib, qeyd olunan məsələlərlə bağlı fikirlərini paylaşıb.

Belə mötəbər tədbirinlərin Bakıda keçirilməsi istər-istəməz diqqət cəlb edir, etməyə də bilməz. Özəlliklə də ona görə ki, dünyanın bu qarışıq vaxtında Azərbaycan yenə də dinc quruculuq işləri ilə məşğuldur, Avropanın enerji təhlükəsizliyinə töhfələrini davam etdirir. Yəni Azərbaycanın bu cür tədbirlərdə fərqlənməsi – öndə getməsi bir daha göstərir ki, dövlətimiz nəinki özünün, həm də qonşularının və uzaq xaricin belə sülh və zənginlik, rahatlıq içində yaşamasında maraqlıdır.

Qeyd olunan tədbir heç şübhəsiz ki, Azərbaycanın bir dövlət kimi, Prezident İlham Əliyevin də bir siyasi lider kimi artan nüfuzunun növbəti təsdiqidir. Eyni zamanda Azərbaycanın və Prezidentin etibarlı tərəfdaş olması da bu cür yüksək səviyyəli tədbirlərin məhz ölkəmizdə keçirilməsinin səbəblərinin önündə gəlir.

Avropa Rusiya-Ukrayna müharibəsi fonunda ciddi sıxıntılarla üz-üzədir. Bəzən də liderlərin siyasi uzaqgörənliyinin yetərincə olmaması qoca qitəni hər anlamda aqressiv olan Rusiya kimi etibarsız bir dövlətdən asılı duruma salıb. Odur ki, Rusiya 2022-ci ilin 24 fevralında Ukraynaya səbəbsiz yerə təcavüz edərkən az qala bütün Avropanı qorxu bürümüşdü. Düzdür, Ukrayna xalqının dəyanəti və cəsarəti artıq bu qorxunu arxa plana çəkib. Amma sıxıntılar hələ də qalmaqdadır axı.

Bax, belə bir durumda Azərbaycan Avropa üçün bir nəfəslik rolu oynayır. Özü də bu nəfəslik bir anda açılmayıb. Yaxud da Azərbaycan Avropanın təcili ehtiyacı yarandığı üçün nəfəsliyə çevrilməyib. Bizim dövlətimiz məhz uzaqgörən, düşünülmüş strategiyanın uğurlu seçimi sonucu özünə ehtiyac duyulan bir dövlətə çevrilməyi bacarıb. Yəni Azərbaycan hələ illər öncə bu gün ola biləcəkləri görməyi bacarıb, ona hazırlaşıb və indi də bunun bəhrəsini görür.

Əlbəttə, bugünkü uğurlar asan başa gəlməyib. Azərbaycanın hazırda əldə etdiyi imkanlar və güvənin mümkün olmasının arxasında böyük zəhmət dayanır. Özəlliklə də Prezident İlham Əliyevin uzun illərdir ikitərəfli və çoxtərəfli platformalarda iştirakı, bundan başqa ən yüksək vəzifəli şəxslər-rəhbərlərlə birbaşa şəxsi dostluğu və əlaqələri bugünkü uğurun əsas təminatçısı olub.

İctimai-siyasi sektorda olanlarla bərabər hər kəs Azərbaycanın apardığı çevik və cəsarətli siyasəti görür, təqdir edir. Bəlkə də illər öncə dünyanın hazırkı duruma düşəcəyini çoxları proqnozlaşdıra bilməzdi. Amma Azərbaycan dövləti belə bir mürəkkəb mərhələyə hazırlıqlı yetişib.

Təsadüfdürmü?

Təbii ki, təsadüf deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövləti və onun başçısı yalnız yaxın dövrün qayğılarıyla yaşamayıb, həm də uzaq dövrü proqnozlaşdırıb, planlaşdırıb. Ona görə də bugünün Azərbaycanı Avropanın ciddi ehtiyac duyduğu bir dövlət kimi təzahür edir.

Belə bir uğur təbii olaraq ardınca bədxahların bəd əməllərini də gətirməyə bilməzdi. O baxımdan özəlliklə də Ermənistan və ermənilərin təbliğat maşını əlindən gələni edir ki, Azərbaycanı beynəlxalq müstəvidə gözdən salsın. Bu xəstə təbliğatçı dəstəsi hər gün ağıllarına və ağızlarına gələni uyduraraq ölkəmizin üzərinə gəlir. Təəssüf ki, bu işdə müəyyən məsafə də qət edə biliblər. Amma yalan ayaq tutar, yeriməz deyiblər. Yəni Azərbaycan ermənilərin və havadarlarının uydurduğu yalanları tutarlı və əsaslı faktlarla daim darmadağın edir, potensial əleyhdarları neytrallaşdırmağı bacarır.

Bu uğurda da siyasi uzaqgörənlik öz rolunu oynayır. Hər kəsin yadındadır ki, illər öncə Azərbaycan hansısa bir addım atanda, əsasən də Ermənistanın işğalı altındakı torpaqları azad etmək istəyini dilə gətirəndə az qala bütün dünya üzərimizə gələrdi. Amma zamanla o məsələ də həllini tapdı və 2020-ci ilin 44 günlük savaşında kiçik istisnalarla nəinki üzərimizə gəlmədilər, hətta bizə dəstək də oldular.

İndi də elə bir durumdayıq. Üzərimizə gəlmək və gətirilmək istəyənlər var. Amma bütün çalışmaları boşa çıxır. Yalnız ənənəvi türk düşməni olan şəxslər və mərkəzlər, dövlətlər bu cür kampaniyalarda boy verir. Demək yenə də düzgün taktika seçilib ki, dünyanın böyük gücləri üzərimizə gəlməyi deyil, bizimlə birlikdə olmağı seçirlər.

Bəli, bizimlə birlikdə olmağı seçir böyük güclər. Çünki Azərbaycan bir zamanların ehtiyac içində yaşayan ölkəsindən özünə ehtiyac duyulan bir ölkəyə çevrilməyi bacarıb. Nəyin hesabına? Ona da yuxarıda toxunmuşuq: zərgər dəqiqliyi ilə müəyyən edilmiş uzaqgörən siyasətin hesabına.

Yazımızın sonunda Prezident İlham Əliyevin qeyd olunan tədbirdəki çıxışının videosunu da əlavə edirik. Düşünürük ki, bu video çoxlarına lazım olacaq. Həm indi, həm də gələcəkdə.

Dədəli, Xaçmaz

Mission News Theme by Compete Themes.