BAYRAQDAR MEDİA – Rusiyanın 2022-ci ilin 24 fevralında əsassız və səbəbsiz yerə Ukraynaya qarşı başlatdığı müharibə yavaş-yavaş artıq özünə qarşı çevrilir. Təzə başladığı günlərdə savaş əgər yalnız Ukrayna torpaqlarında gedirdisə, indi də Rusiyanın öz torpaqları yaşanmaz hala gəlib.
Fevralın 1-də Rusiya Prezidenti Vladimir Putinin müvafiq dövlət qurumları ilə keçirdiyi onlayn müşavirədə təklif edilib ki, Ukrayna ilə sərhəd bölgələrin əhalisi qismən köçürülsün. Buna səbəbsə onların daimi təhlükə altında olmasıdır.
Rusiyanın Kommersant qəzetinin yazdığına görə, müşavirədə iştirak edən baş nazirin müavini Marat Husnullin deyib ki, Belqorodla yanaşı Kursk və Bryansk vilayətlərinin əhalisi də həyati təhlükə ilə üz-üzədir. Ona görə də buradakı əhalinin köçürülüb daha güvənli yerdə yerləşdirilməsi vacibdir. M.Husnullin bunun üçün 9,4 mlrd rubl (228 mln manat) vəsaitə ehtiyac olduğunu da deyib.
Müşavirədə qeyd edilib ki, artıq Belqoroddan 3,7 min nəfər köçürülüb və onların ilkin təcili tələbatları təmin edilib.
O da bildirilib ki, yanvarın 31-dən başlayaraq Ukrayna ilə sərhəd bölgələrdə daimi terror təhlükəsi xəbərdarlığı elan edilməsi qərara alınıb.
Bu gedişat ondan xəbər verir ki, Ukraynaya qarşı haqsız müharibə artıq yavaş-yavaş Rusiyanın özünə qarşı çevrilir. İlk vaxtlarda ölkə əhalisi müharibəni bəzən həvəslə dəstəkləsə də indi ümumi rəy də dəyişir. Rusiya insanları artıq dərk edir ki, bu müharibə ədalətsiz və əsassızdır. O baxımdan fəal savaş əməliyyatlarının Rusiya içərilərinə daşınması vəziyyəti kökündən dəyişəcək və yəqin ki, bu, ölkə üçün böyük fəsadlar törədəcək.
Atalar necə demişdi? Gen qaz, dərin qaz, özün düşərsən. İndi Rusiya qazdığı quyuya özü düşüb və durduğu yerdə xalq fəlakətə sürüklənib…