Son yeniləmə: 1 Fevral 2023 11:10
Hulusi Kılıç: Əgər bir ölkənin ərazisində səfirlik terror hücumuna məruz qalırsa, deməli, həmin ölkə əmanətə xəyanət edib
BAYRAQDAR MEDİA – “Can Azərbaycanımızın Tehrandakı səfirliyinə edilən xain terror hücumunu şiddətlə qınayıram. Həmin hücum zamanı şəhid olan igid övladımıza Allah rəhmət eləsin. Ailəsinə, sevənlərinə, ümumilikdə Azərbaycan xalqına başsağlığı verirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O, qeyd edib ki, səfirliklər yerləşdikləri ölkələrə əmanətdir: “Bir ata sözü var. Əmanətə xəyanət etmək olmaz. Yəni əgər bir ölkənin ərazisində səfirlik terror hücumuna məruz qalırsa, deməli, həmin ölkə əmanətə xəyanət edib. Diplomatik dillə desək, həmin ölkə öz ərazisində yerləşən səfirliyin və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmini ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyib. Yəni Azərbaycanın səfirliyinə edilən terror hücumu kontekstində İran hakimiyyəti mövcud qanunlara əməl etməyib”.
Səfir bildirib ki, digər tərəfdən, bir ölkənin səfirliyinə edilən hücum, həmin ölkənin özünə edilən hücum sayılır: “Əgər ev sahibi olan ölkə səfirliyi qoruya bilmirsə, bu onun zəifliyini, acizliyini göstərir. Ona görə də bu, son dərəcə ciddi bir problemdir. Bütün dünyada qəbul edilmiş bir qayda var. Səfirliklərin önü ev sahibi ölkənin polisi tərəfindən qorunar. Səfirlikləri qorumaq bir növ namus məsələsidir. Digər tərəfdən, səfirliklər təkcə qarşıdan deyil, ətrafdan da qorunur, yaxud mütləq qorunmalıdır. Ancaq yanvarın 27-də baş verən qanlı terror İranın bunlara əməl etmədiyini ortaya qoydu. Ən azından Azərbaycanın səfirliyinə münasibətdə İran bunu etməyib”.
H.Kılıçın sözlərinə görə, burada digər bir məqam da vurğulanmalıdır: “Bu da İranda mövcud olan Azərbaycan əleyhinə mövqe, münasibətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra İran Azərbaycana qarşı kəskin münasibət sərgiləməyə başladı. Bu uğur niyə İranı narahat edir, bunu anlamıram. Azərbaycanla sərhəddə hərbi təlimlər, Prezident Recep Tayyip Erdoğanın Bakıda dediyi şeirə göstərdikləri reaksiya, Ermənistanla birgə təlim keçirmək arzusu, Ermənistanda konsulluq açmaqları, eyni zamanda, Azərbaycana qarşı səsləndirilən qəbuledilməz açıqlamalar bunun bariz nümunəsidir. Bütün bunların sonunda isə səfirliyə terror hücumu oldu. Baş verənləri sırası ilə analiz edəndə ortaya bu terror hücumunun sanki planlı olduğu qənaəti çıxır. Əgər belə deyilsə, o zaman İran bu hadisəni tez bir zamanda, özü də şəffaf şəkildə araşdırıb həqiqəti ortaya çıxarmalıdır. İndiki halda isə İranın bu məsələdə günahkar olduğunu görürük”.